İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa başlayırbackend

İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında uçuşların bərpası və qarşılıqlı vizaların asanlaşdırılması barədə razılığa gəliblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Çinin paytaxtı Pekində görüşüblər.

Tehran və Ər-Riyad arasında son 7 ildə xarici işlər nazirləri səviyyəsində keçirilən ilk rəsmi görüşdən sonra yayılan birgə bəyanatda iki ölkə bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.

İki ölkə arasında imzalanan birgə bəyanatda nəzərdə tutulan iki aylıq müddət ərzində (may ayına qədər) Tehran və Ər-Riyaddakı səfirliklərin, habelə Məşhəd və Ciddədəki konsulluqların yenidən açılması üçün lazımi hazırlıqların görülməsi razılaşdırılıb.

Məlumata görə, rəsmi və özəl sektor nümayəndə heyətlərinin uçuşlarının və ikitərəfli səfərlərin bərpası, eləcə də iki ölkə vətəndaşları üçün qarşılıqlı viza rejiminin sadələşdirilməsi razılaşdırılıb.

İran və Səudiyyə Ərəbistanının təbii sərvətləri və iqtisadi imkanlarına işarə edilən bəyanatda, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi qarşısındakı bütün maneələri aradan qaldırmağa hazır olduqları vurğulanıb.

İki ölkə həmçinin regionun təhlükəsizliyini və sabitliyini təmin edə biləcək, region xalqlarının və ölkələrinin maraqlarını reallaşdıra biləcək hər sahədə əməkdaşlığın artırılması barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, Bin Ferhan və Abdullahiyan iki ölkə və xalqlarının etimadını və rifahını təmin edəcək bütün imkanları müzakirə ediblər.

İki nazir Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərdə yeni üfüqlər üçün əməkdaşlıq və məsləhətləşmələr üçün ikitərəfli danışıqları intensivləşdirməyə hazır olduqlarını bildiriblər.