İraq hökuməti İranpərəst qruplaşmalardan silahları sentyabrın 30-na qədər təhvil verməyi tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İraq hökuməti ölkə ərazisində fəaliyyət göstərən bütün İranpərəst silahlı qruplaşmalara silahlarını dövlətə təhvil vermək üçün sentyabrın 30-na qədər son müddət təyin edib. Bu barədə hökumətin rəsmi nümayəndəsi əl-Abudi məlumat verib.
Onun sözlərinə görə, bütün silahlı birləşmələr artıq qəbul edilmiş bu qərar barədə rəsmi şəkildə məlumatlandırılıblar. Təyin olunmuş tarix beynəlxalq koalisiyanın İŞİD-lə mübarizə missiyasının başaçatma vaxtı ilə üst-üstə düşür.
Belə ki, bəzi qruplaşmalar məhz bu koalisiyanın mövcudluğunu öz hərbi qüvvələrini və şəxsi silahlarını qoruyub saxlamaq üçün əsas bəhanə kimi istifadə edirdilər.
Hökumət nümayəndəsi əl-Abudi xəbərdarlıq edib ki, sentyabrın 30-dan sonra dövlətin rəsmi nəzarətindən kənarda qalan hər hansı növ silah qanunsuz hesab olunacaq və onun sahibləri birbaşa məhkəmə məsuliyyətinə cəlb edilərək ağır şəkildə cəzalandırılacaqlar.
Analitiklər bu qərarın İraq daxilində mərkəzi hökumətin nüfuzunu gücləndirmək, ölkədəki qeyri-qanuni silahlı qruplaşmaları tərksilah etmək və İraqı regional münaqişələrdən uzaq saxlamaq məqsədi daşıdığını bildirirlər.
ABŞ və digər beynəlxalq tərəfdaşlar da rəsmi Bağdadın bu qətiyyətli addımını dəstəklədiklərini bəyan ediblər.
Xuraman Etibarlı
İnterpress.az






