Keniyanın Malindi qəsəbəsində İsa peyğəmbərlə görüşmək üçün keçirilən aclıq aksiyasından həyatını itirənlərin sayının 73-ə yüksəldiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Malindi polis rəisi Çarlz Kamau verdiyi açıqlamada Malindidəki Beynəlxalq Xoş Xəbər Kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatdığını bildirib.
Kamau onların cəsədlərinin çoxunun kütləvi məzarlıqdan çıxarıldığını və hadisə ilə əlaqədar daha 3 nəfərin nəzarətə alındığını bildirib.
Digər tərəfdən, Keniya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamada 112 nəfərin itkin düşdüyü qeyd edilib.
Keşiş Paul Mackenzie Nthengenin kilsəsindəki insanlara ac qalıb İsa ilə görüşməyə söz verdiyi bildirilir.
Aprelin 15-də aclıq nəticəsində həyatını itirən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Ntenqeni saxlayıb.
Daxili işlər naziri Kithure Kindiki bütün meşə sahəsinin bağlandığını və cinayət işi açıldığını söyləyib.
Kindiki bu vəhşiliyi törədənlərin ən ağır şəkildə cəzalandırılacağını və bütün kilsələr, məscidlər, məbədlər və sinaqoqlar üçün daha sərt qaydalar tələb olunduğunu bildirib.