Azərbaycanda artıq büdcə təşkilatları üçün vərdiş halını almış bu və yaxud digər istiqamətlər üçün büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşmaq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır.
İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Büdcə planlaşmasında və icrasında hər il tətbiq olunan yenilikləri və təkmilləşmələri təqdirəlayiq hal hesab edirik. Büdcə dayanıqlılığının qorunub saxlanılmasını da iqtisadi siyasətdə mühüm uğur hesab edirik. Eyni zamanda, müasir texnologiyaların inkişafı, ölkəmizdə bunun hər sahədə tətbiqi bu sahədə yeni imkanlar yaradır” , – deyə o qeyd edib.