Maltada məşhur “Öpüşən fillər” tağını uçuran amerikalı turist çinli səyyahın ölümünə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Times of Malta” qəzeti məlumat yayıb.
Maltanın Gozo adasında olduqca qeyri-adi və sarsıdıcı bir bədbəxt hadisə baş verib. Artıq çəkili amerikalı turist adanın simvollarından sayılan məşhur “Öpüşən fillər” (“Kissing Elephants”) qaya tağının üzərinə çıxaraq oradan dənizə tullanmaq istəyib.
İnsident iyunun 27-də qeydə alınıb. 32 yaşlı ABŞ vətəndaşı daş konstruksiyanın üzərində tullanmaq üçün hazırlaşarkən qəfildən qayada kəskin çat yaranıb. Nəticədə nəhəng qaya parçaları amerikalı turistlə birlikdə dənizə düşüb.
Həmin vaxt tağın altından çinli cütlük reaktiv xizəklə keçirmiş. Nəhəng daş parçalarının və amerikalı turistin birbaşa üzərinə düşməsi nəticəsində 26 yaşlı çinli gənc ağır xəsarətlər alaraq dərhal suda boğulub. Onun sevgilisi isə zərbənin təsirindən kənara atılaraq əzalarını sındırıb.
Hadisə yerindən keçən avarçəkənlər 32 yaşlı amerikalı turisti və yaralı çinli qadını sudan çıxararaq xilas ediblər.
Suda itkin düşən çinli gəncin cəsədini tapmaq üçün isə hadisə yerinə dərhal Gozo komandanlığının və Maltanın 3-cü hərbi alayının xüsusi dalğıcları cəlb olunublar.
Dalğıclar bir neçə saatlıq axtarışlardan sonra gəncin meyitini dənizin dibindən çıxarmağı bacarıblar. Ağır yaralanan çinli qadın və yüngül xəsarətlər alan amerikalı turist xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Malta polis və prokurorluq orqanları tərəfindən cinayət işi açılıb. Tarixi abidənin məhv edilməsi və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə geniş təhqiqat aparılır.

Xuraman Etibarlı
İnterpress.az






