Qonşu Gürcüstanda soydaşlarımızın çoxluq təşkil etdiyi Marneuli şəhərinin 6 saylı məktəbində dördüncü sinif şagirdləri çöldən daxil olan qaz sızması nəticəsində zəhərləniblər.
İnterpress.az xəbər verir ki, zəhərlənmiş üç nəfər şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məktəbin təmizlik xidmətinin əməkdaşı bildirib ki, sözügedən məktəbdə təbii qaz mövcud deyil:
“Hadisə günorta saatlarında baş verib. Məktəbdə təbii qaz mövcud deyil, uşaqların necə zəhərlənməsindən xəbərimiz yoxdur. Hər üç şagird artıq xəstəxanaya çatdırılıb. Bildiyimizə görə, onların həyatı üçün təhlükə yoxdur”,- deyə məktəbin təmizlik xidmətinin əməkdaşı bildirib. Məktəbin digər bir əməkdaşının sözlərinə görə, binanın həyətində qaz qoxusu hiss edilib və nəticədə bir neçə şagirddə ürək bulantısı, qusma halları qeydə alınıb. Daha sonra, əraziyə təcili tibbi yardım çağırılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hələlik hər hansı bir açıqlama verilməyib.