Misir Qəzza zolağında yaralılar üçün sərhəddə səhra xəstəxanası yaradır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Əl-Əhram qəzetinin xəbərində, yaralanan şəxslərin müalicəsi üçün Şimali Sinay Əyalət Sağlamlıq Müdirliyinin sərhəddə qurduğu səhra xəstəxanasının tamamlanmaq üzrə olduğu bildirilib.
Şimali Sinay valiliyinin baş katibi Usamə əl-Qandur da qeyd edib ki, fələstinli yaralılara icazə verilərsə, Misirdəki xəstəxanalar onları qəbul etməyə və müalicə etməyə hazırdır.
Qandur yaralıların yoldaşlarının Şeyx Züveyd və Əl-Ariş şəhərlərində yerləşdirilməsi üçün 3 yerin ayrıldığını və onlara lazımi xidmətlərin göstəriləcəyini bildirib.
Şimali Sinay valisi Əbdülfadil Şuşa cümə axşamı dərc etdiyi bəyanatda Şeyx Züveyd şəhərində səhra xəstəxanasının yaradılmasına başlandığını, Bi’r əl-Abd şəhərində isə daha bir səhra xəstəxanasının yaradılmasının planlaşdırıldığını qeyd edib.