Orta məktəblərdə şagird-müəllim gərginlikləri: “Məktəb əsas funksiyasını yerinə yetirməyə başlamalıdır”backend

Orta məktəblərdə şagird-müəllim gərginlikləri: “Məktəb əsas funksiyasını yerinə yetirməyə başlamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şagirdlə müəllim münasibətlərində üçüncü tərəf kimi valideyn deyil, valideynin pulu çıxış edir”.

Bu sözləri təhsil müəssisələrində şagirdlər və eləcə də şagirdlərlə müəllimlər arasında yaşanan xoşagəlməz hallara münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının Elm və təhsil məsələləri üzrə müavini İlahə Qurbanlı İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son 5 ildir Azərbaycan məktəblərində baş verənlər bir mesajı bizlərə çatdırır. Belə ki, Azərbaycan məktəbi özünün təməl vəzifələrini yerinə yetirə bilmir:

“Bu, sadəcə hər hansısa bir şagirdin o birini döyməsi ilə bağlı deyil. Şiddət nə qədər qəribə səslənsə də, dünyanın istənilən ölkəsində baş verə biləcək arzuolunmaz olaydır. Ona görə də söhbət sadəcə şagirdlərin davasından getmir. Söhbət təhsil işçilərimizin bu tip vəziyyətlərdə hazırlıqsız yaxalanmalarından, özlərini bu kimi hadisələrə professional hazırlamamaqlarından, sıradan profilaktik tədbirlərin ön görülməməsindən gedir. Şagirdlə müəllim münasibətlərində üçüncü tərəf kimi valideyn deyil, valideynin pulu çıxış edir. Valideyn hələ də şagird-məktəb-valideyn üçbucağında pul ödəyən tərəf kimi çıxış etməklə qısıtlanır. Problemin kökü burada gizlənir. Bundan öncəki hadisələr zamanı qeyd etmişdim ki, məktəb formatı dəyişməlidir.

Məktəbdə hər cür xoşagəlməz hadisə baş verə bilər. İnformasiya bolluğunda yaşayan, hər gün internet və televiziya kanallarında kifayət qədər şiddət, qan görən uşağın və yeniyetmənin şüuruna bu tendensiya təsir etməyə bilməz. Bu səbəbdən həm məktəb, həm valideyn, həm də şagird birlik şəklində informasiya ötürmə, paylaşma, yönəltmə kimi professional amillərdən istifadə edərək yaranmış problemi ya önləməli, ya da gec olmadan həll etməyin yollarını tapmalıdır. Valideyn olmaq həm də vətəndaş yetişdirmək kimi bir öhdəliyi ortaya çıxarır. Demək ki, dövlət onun vətəndaşını yetişdirən valideynə də nəzarət sistemi qurmalıdır.

Eyni zamanda məktəb əsas funksiyasını yerinə yetirməyə başlamalıdır. Məktəbin əsas funksiyası isə həm təhsil, həm də təlim-tərbiyədir. Azərbaycan müəllimi özünü XIX əsrdən çıxardıb, XXI əsrə kökləməlidir. Psixoloji, mənəvi olaraq ekstra situasiyalara hazırlıqlı olmalı, onları dəf etməyi bacarmalıdır. Bu halda hansısa xoşagəlməz situasiyaya görə sosial şəbəkələr çalxalanmaz. Hər bir valideyn əmin olar ki, bu kimi halların qarşısı alınacaq və lazımi tədbirlər həyata keçiriləcək. Əks halda belə videolar bizi hələ çox üzəcək”.