Bügünlərdə şadlıq saraylarından birində qonaqlara dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib.
Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasıdır.
Bəs müştərilər üz tutub getdiyi adlı-sanlı restoranlarda yüksək məbləğdə pul ödədiyi dana basdırması və yaxud bu qəbildən olan mal əti adı altında təqdim edilən yeməklərin camış və ya at əti olmadığını necə müəyyən edə bilər?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida təhlükəsizliyi eksperti İlkin Şirinov cavablandırıb.

“Ümumiyyətlə, artıq o dövr bitib, yəni mən hansı ətdən istəyirəm, o ətdən də yemək verirəm məsələsi yoxdur. Müştərinin hüququdur, haqqıdır ki, restoranda ət yeməyi və yaxud dana basdırması sifariş edəndə, həmin restorandan ətin baytarlıq sənədini tələb etsin, partiya sertifikatını tələb etsin, alış fakturasını tələb etsin. Yəni birbaşa restoran bunu müştəriyə təqdim etməlidir. Yox, əgər təqdim etmirsə, mən hansı etdən istəyirəm, ondan verirəm məsələsi artıq yoxdur. Mən “filan sənətlərimi filan idarəyə vermişəm” dövrü bitib.
Əgər müştəri ətin dadında hansısa bir dəyişiklik hiss edirsə, ətin toxumalarından şübhələnirsə, ətdən nəsə kənar qoxu gəlirsə, bununla bağlı aidiyyəti qurumlara, Qida Təhlükəsizliyinə, İqtisadiyyat Nazirliyinə və digər qurumlara şikayət edə bilər, hətta özü belə onun problemli olduğunu restoran sahiblərinə, rəhbərliyinə subut etməyə haqqı da var, hüququ da çatır. Çünki insanlar pul ödəyib yemək yeyirlər və həmin məsələdə birmənalı şəkildə restoran cavabdehdir.
O ki, qaldı dad məsələsinə, necə bilmək olar məsələsinə, mən keçən dəfə bu ətlərin fərqli xüsusiyyətlərini izah eltmişdim.
Camış ətinin fərqli xüsusiyyətləri var – camış əti bişiriləndə də çiy formada olduğu kimi ondan bataqlıq qoxusu gəlir. Yəni bu ətin spesifik xüsusiyyətidir. Camış ətinin yağı tam ağ rəngdə olur. Amma inək ətinin yağı tünt sarı olur, əti bişdikdə də yağı çox olur, ətinin rəngi bişəndə bozarır, boz rəngə çevrilir. Bu, inək ətinin gözlə görünən, vizual xüsusiyyətləridir.
Çiy formada qoca inək əti olur ki, bunun sümüyünün rəngi belə sarı olur, sümüynün iliyinin də rəngi sarı olur. Amma dana ətində bu xüsusiyyətlər müşahidə olunmur. Çünki dana ətinin yağı ağ rəngli olur, ətin özü açıq qırmızı rəngli olur. Dana əti çox yağlı olmur, bərklik az olur. Amma inək və camış ətinin dadında da fərq olur, bərkliyini də kəsəndə, doğrayanda hiss etmək olur.
Müştərilər tanıdıqları, bildikləri restoran və kafelərdə yemək yedikdə belə onların ət haqqında, ətin mənşəyi haqqında sənəd tələb eləmək hüquqları var”, – ekspert bildirib.
Daha sonra İ.Şirinov qeyd edib ki, bəzən restoranlarda müştərinin sifarişinin gecikdirilməsinin də bu məsələdə təsiri var.
“Bu məsələdə ən böyük problemlərdən biri də müştərinin sifarişinin vaxtında verilməməsidir. Müştəri sifarişini o qədər gözləyir ki, artıq yemək gələndə onu araşdırmağa, sənəd tələb etməyə səbri çatmır. Müştərini incidən, əsəblərini tarıma çəkən, bir qab yeməyə görə saatlarla gözlədən restoranlara mütəmadi getməyimiz də restoranları arxayın salır.
Biz, müştəri, istehlakçı olaraq həmin restoranlara getməsək, boykot etsək, inanın ki, onlar müştərini görəndə onu normal yola salmağa, müştərini razı salmağa can atacaqlar. İndiki halda bizim onlara ödədiyimiz vəsait hesabına onlarda bir “mənəm-mənəmlik” hissi yaranıb. Fikirləşirlər ki, restoranda ağız dadını da biz yönəldirik, məhsul nə olsa belə müştəri bunu bizdən qəbul edəcək. Bu, biz müştərilərin səhv yanaşmasının nəticəsidir ki, dəyərsizlərə verdiyimiz dəyər öz sağlamlığımız hesabına başa gəlir”, – ekspert fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az






