Polşa dəmir yolundakı partlayışa görə Rusiyanı ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa rəsmiləri məlumat yayıb.
Polşa hökuməti Varşava–Lyublin xəttində baş verən partlayışın arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını açıqlayıb.
Varşava kəşfiyyat koordinatorunun sözçüsü Yatsek Dobjiński bildirib ki, əldə olunan bütün faktlar diversiyanın Rusiya tərəfindən təşkil olunduğunu göstərir.
Bir gün əvvəl Baş nazir Donald Tusk da dəmir yolunda partlayıcı qurğudan istifadə olunaraq sabotaj törədildiyini təsdiqləmişdi.
İstintaq daha sonra Lyublin istiqamətində yolun başqa hissəsində də zədələnmə aşkar edib. Ümumilikdə üç sahənin zədələndiyi bildirilir.
Hadisə zamanı xəsarət alan olmayıb. Bir qatarın maşinisti nasazlığı sezərək dərhal dispetçerliyə məlumat verib və xətt üzrə hərəkət dərhal dayandırılıb.
Polşa hökumətinə görə, diversiyanın məqsədi xətt boyunca hərəkətdə olan qatarı partlatmaq olub.
Xuraman Etibarlı
İnterpress.az






