Portuqaliyada “Comboios de Portugal” (CP) dövlət dəmir yolu şirkətinin işçiləri maaşlarının artırılması tələbi ilə 24 saatlıq tətil keçirirlər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
CP işçilərinin 2022-ci ilin noyabrında başlayan və müntəzəm fasilələrlə keçirilən tətili səbəbindən Portuqaliyada qatar xidmətlərinin yarısından çoxunun ləğv edildiyi bildirilib.
Katolik dininin Pasxa bayramının ilk gününə təsadüf edən tətil nəticəsində çoxlu sayda sərnişinin zərər çəkdiyi, xüsusilə paytaxt Lissabon və Porto şəhərinin şimalında şəhərlərarası və şəhərətrafı reyslərdə ciddi aksamaların olduğu qeyd edilib.
Məlumata görə, saat 00.00-dan 08.00-a qədər nəzərdə tutulan 254 qatar xidmətindən 138-nin ləğv edildiyi bildirilib.
Maaş artımı tələbi ilə keçirilən tətillərə dəstək verən CP işçilərinin bağlı olduğu 8 həmkarlar ittifaqı 10-30 aprel tarixlərində saat 00.00-05.00 arasında fəaliyyətini dayandıracaqlarını açıqlayıb.
Maaş artımı ilə yanaşı, dəmiryol işçiləri karyera qiymətləndirmələrində yeni qaydalar, iş və təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.