“Baş verənlərin siyasi tərəfləri haqda danışa, versiyalar, təxminlər irəli sürə bilərik, lakin nəticəyə baxdıqda bir məsələni qəbul etmək lazımdır”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Prezident İlham Əliyev Şuşada dalğalanan üçrəngli bayrağı Azadlıq meydanında Qələbə paradına gətirəcəyini deyirdi, etdi. Müharibədən sonra Laçın yoluna post qurulacağını deyirdi, etdi. Xankəndində Azərbaycan bayrağı dalğalanacağını, ermənilərin bu bayraq altında yaşayacağını deyirsə, bunun alternativi yoxdur”, – o əlavə edib.
A.Nərimanlı qeyd edib ki,14 maya – Türkiyədəki seçkilərə qədər Bakının Qarabağada həlledici addımlar ata biləcəyi haqda yazırdıq: “Əvvəlcə separatçıların torpaq yollarla çıxışları nəzarətə götürüldü, daha sonra Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması ilə xarici aləmlə bağlantıları sırada çıxarıldı; istisna deyil ki, yaxın günlərdə erməni silahlı dəstələrinin çıxarılması, bölgənin silahsızlaşdırılması ilə bağlı da müəyyən proseslər yaşansın, yaxud bu istiqamətdə praktiki addımlar atılsın”.