“Prezidentin bu fərmanı geniş imkanlar yaradacaq“ – Sevinc Orucovabackend

“Prezidentin bu fərmanı geniş imkanlar yaradacaq“ – Sevinc Orucova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinin 3 dekabr tarixili iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Eyni zamanda Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. 

Hazırda azad edilmiş ərazilərimizdə abadlıq işləri gedir. Bu işlər heç bir ölkədən xarici borc almadan həyata keçirilir və bu proseslə paralel olaraq qazi, şəhid ailələri də diqqətdən kənarda qalmır.

Şəhid və qazi ailələrinə münasibət bu kateqoriyadan olan insanları, onların yaxınlarını qane edirmi?

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova mövzu ilə bağlı Yenisabah.az-a danışıb:

“30 ildir işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsindən sonra azadlığına qovuşdu. Bu yolda şəhid və qazilərimiz oldu. Onların qanı, canı bahasına vətən topağı azad olundu. Biz xalq olaraq onların, yadigarlarının, geridə qalanlarının qarşısında borcluyuq. Sevindirici haldır ki, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mütərəqqi addımlar atılıb. Cənab Prezident tərəfindən verilən sonuncu fərman da bu silsilədəndir. Ümid edirəm ki, vergi və imtiyazlar sahəsində bu güzəştlərin tətbiqi daha çox imkanlar yaradacaq.

Şəhid və qazi ailələrinə münasibətdən danışarkən, incə bir nüansı xatırlatmaq istəyirəm. Biz onlara yardımı canı-dildən etməliyik. Onlara qarşı sevgi, rəğbətimizi, şəhid ailələrinə qarşı sayğı və ehtiramımızı ürəkdən  etməliyik, görüntü xətrinə yox. Biz hər zaman onlara minnətdarlıq duymalıyıq.

Bayramlarda  hansısa sovqatla yad etməkdən söhbət getmir, söhbət onlara hər zaman sevgi, ehtiram, fəxarət hissi ilə yanaşmaqdan gedir. Şəhidlərimizin geridə buraxdıqları xəstə ana-ataları, körpələri var. Biz o körpələri elə böyütməli, elə sahib çıxmalıyıq ki, sevgini, ehtiramı ən yüksək zirvədə görsünlər. Sevgi, mərhəmət, şəfqət hissi ilə böyüsünlər.

Məsələn, hər bir məktəbdə, siniflərdə, hətta baxçalarda şəhidlərimiz yad olunmalı, qazilərimiz unudulmamalıdır. Yeni nəsil vətən əmanətinə sahib çıxmağı bacarmalıdır”.

S.Orucova işğaldan azad edilən torpaqlarımız haqqında da danışıb:

“İşğaldan azad edilmiş ərazilərə tez-tez səfər edirəm. Həm sevinib, həm də kədərlənirəm. Torpaqlarımız 30 ildir düşmən tapdağı altında əzilib, məhv olub. Sanki bizdən küsüb, inciyib. Lakin biz onu dirçəldəcəyik.

Bu yaxınlarda Qubadlıda oldum. Qubadlının ən ucqar kəndi belə artıq işıqlandırılıb, Şuşada geniş abadlıq işləri davam edir.

Bunların hər biri dövlətimizin qüdrətinin göstəricisidir. Orada işləyən ustalar, fəhlələr belə qürurla işləyirlər.

İnşallah, əl-ələ  verib doğma torpaqlarımızı daha da gözəlləşdirəcəyik. Lakin heç vaxt 30 illik işğalı unutmayacağıq.

Son olaraq bir fikir bildirmək istəyirəm ki, işğaldan azad olunmuş hər bir bölgəmizdə işğal nümunəsi qurulmalı, muzey yaradılmalıdır”.