İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan “Ndrangheta”ya qarşı Avropada bir sıra koordinasiyalı reydlər zamanı 100-dən çox adamın həbs edildiyi bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Almaniya, İtaliya, Fransa və Belçika da daxil olmaqla 6 Avropa Birliyi ölkəsində həyata keçirilən genişmiqyaslı əməliyyatda yüzlərlə polis əməkdaşı iştirak edib.
Ndrangheta mafiya qrupunu hədəf alan genişmiqyaslı əməliyyatda 108 nəfər haqqında həbs qərarı çıxarıldığı bildirilib.
Mənbələrə görə, kod adı “Evrika” olan əməliyyat Cənubi İtaliyada yerləşən Ndrangheta mafiya qrupunu hədəf alan bu günə qədər həyata keçirilən ən böyük beynəlxalq polis əməliyyatıdır.
Polis narkotik alveri, qanunsuz silah ticarəti və çirkli pulların yuyulması ilə məşğul olan 100-dən çox mafiya üzvü və tərəfdarını həbs edib.