“Rusiya Belarusu savaşa çəkmək istəyir” – Şərhbackend

“Rusiya Belarusu savaşa çəkmək istəyir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mink savaşa qoşularsa, Qərbin bu dövlətə təzyiqləri artacaq”.

Bu sözləri Rusiyanın Belarus ərazisindən Ukraynaya hücumla bağlı gözləntilərini şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İnterpress.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, son vaxtlar Moskva ilə Minsk arasında təmaslar intensivləşib. Bu, əlbəttə, Ukraynadakı müharibə ilə bağlıdır:

“Rusiya bütün imkanları ilə Belarusu savaşa çəkmək istəyir. Minsk isə hələ ki, müqavimət göstərir. Çünki Prezident Aleksandr Lukanşenko başa düşür ki, bu, ağır nəticələrə səbəb ola bilər. Belarusun imkanları Rusiyanınkı qədər çox deyil. Şübhəsiz ki, Mink savaşa qoşularsa, Qərbin bu dövlətə təzyiqləri artacaq. Belarus isə ehtimal edilən təzyiqlərə, o cümlədən də sanksiyalara uzun müddət tab gətirə bilməz.

İkinci bir tərəfdən isə getdikcə Rusiyanın da Belarusa təzyiqləri artmaqdadır. Belə demək mümkünsə, Minsk “iki od arasında”- Qərblə Rusiyanın arasında qalıb. Lukaşenko hər iki tərəfi qane etməyə çalışır. Amma bu da sonsuzadək mümkün deyil. Rusiyanın işi getdikcə çətinləşir. Kreml rəhbəri artıq alternativ variantlar barədə düşünür. Bunlardan biri isə, şübhəsiz ki, Belarusda yeni cəbhənin açılmasıdır. Bu, döyüş meydanındakı vəziyyəti Rusiyanın xeyrinə dəyişə bilər. Belarusdan cəbhə açılma ehtimalı hələ ki, real görünmür. Lukaşenko bunun qarşısını almaq üçün əlindən gələni edəcək. Çünki cəbhənin açılması Minskin birbaşa savaşa qoşulması demək olar. Elə ona görə Luşenko müxtəlif bəyanatlarla, simvolik addımlarla rusiyalı həmkarının “könlünü xoş etməyə çalışacaq. Buna baxmayaraq, savaş uzandıqca Belarusdan yeni cəbhə açılma ehtimalı artır”.