Rusiyada “Multikan-8” vaksinindən sonra itlərin kütləvi tələfatı başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
KİV-in məlumatına görə, sahibləri bildirirlər ki, quduzluğa qarşı peyvənddən sonra heyvanlarda qıcolmalar, qanlı qusma, şiddətli diareya, yüksək hərarət və şişkinlik başlayıb, bəzi hallarda isə anafilaktik şok baş verib.
Heyvanların bir hissəsini xilas etmək mümkün olmayıb, bəzi sahibləri isə itlərini yatırtmaq (evtanaziya) məcburiyyətində qalıblar.
İt sahibləri iddia edirlər ki, veterinar həkimlər onlara Rusiya istehsalı olan bu vaksini xarici dərmanlara daha ucuz və effektiv alternativi kimi tövsiyə ediblər.
Çoxsaylı şikayətlərdən sonra “Multikan-8″in 20-ci partiyası bəzi klinikalardan yığışdırılaraq yoxlanışa göndərilib.
Lakin hələlik məhz peyvəndin itlərin ölümünə və ağır vəziyyətinə səbəb olduğunu sübut edən təsdiqlənmiş ekspertiza nəticələri yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






