Rusiyada vəziyyət qarışır, Putin itkilərini bərpa etməyə çalışır, hərbçilər isə…backend

Rusiyada vəziyyət qarışır, Putin itkilərini bərpa etməyə çalışır, hərbçilər isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Sky news” nəşrinin məlumatına görə, Rusiya Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatına hazırlaşır. Bildirilib ki, Rusiyada hərbi çağırışçılarla bağlı qəbul olunan yeni qanundakı məhdudlaşdırıcı qərarlar da bununla bağlıdır:

“Bununla yanaşı, Rusiya hakimiyyəti növbəti səfərbərliyi planlaşdırmadığını bildirir. Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, qəbul edilmiş yeni qanun sadəcə hərbi çağırış sistemindəki qarışıqlığı aradan qaldırmaq üçündür”.

Vurğulanıb ki, Peskovun açıqlamasına rəğmən, gələcəkdə Rusiyada növbəti səfərbərliyin elan olunması mümkündür.

Bu günlərdə Rusiyada qəbul olunmuş yeni qanuna görə, hərbi çağırışdan yayınan şəxslərin avtomobil idarə etmək hüququ məhdudlaşdırılıb. Eyni zamanda onlar ölkədən çıxa və mənzillərini sata bilmirlər. Sözügedən qanun mahiyyət etibarı ilə çağışçılara təzyiq göstərmək deməkdir. Bu isə hakimiyyətin yeni döyüşçülərə ehtiyacı olduğunu göstərir.

Məlum olduğu kimi, son vaxtlar Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları gündəmdədir. Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski və müdafiə naziri Oliksiy Reznikov müdafiə qüvvələrinin yaxın vaxtlarda əks-hücum əməliyyatına başlayacağını bildiriblər.

Açıq mətbuatda yazıldığına görə, ək-hücum əməliyyatları zamanı ABŞ da Ukraynanı dəstəkləyəcək.

Ukrayna Baş naziri Denis Şmıqal bu günlərdə bildirmişdi ki, əks-hücum əməliyyatları nəticəsində 1991-ci il sərhədləri bərpa oluna bilər.

Həmçinin rəsmi Kiyev müharibənin bu il başa çata biləcəyini iddia edir.

Şübhəsiz ki, bütün bu məqamlar Rusiya hərbi – siyasi elitasında təlaş yaradır. Rusiya artıq narahat olmağa başlayıb. Bu mənada deyə bilərik ki, Ukrayna istədiyi əsas hədəflərdən birinə nail olub – qarşı tərəfə psixoloji təsir göstərməyi bacarıb.

Əlbəttə, Rusiya Ukraynanın əks-hücum əməliyyatlarına hazırlaşır. Kreml bu hazırlığı mümkün qədər gizli aparmağa, özünü soyuqqanlı göstərməyə çalışır. Sözsüz ki, Rusiyada birdən – birə növbəti səfərbərlik elan oluna bilməz. Bu, daxildə ciddi narazılığa səbəb olar. Odur ki, rəsmi Moskva mümkün qədər ehtiyatlı davranmağa çalışır.

Çağırışçılar haqqında qəbul olunan yeni qanun onu deməyə əsas verir ki, hərbi sistemdə müəyyən boşluqlar var. Həmçinin ola bilsin, döyüşçülər arasında narazılıq, o cümlədən fərarilik artıb. Ona görə də hakimiyyət onlara təzyiq üçün bu cür məhdudlaşdırıcı qərarlar qəbul edib. Hər halda bu versiya istisna deyil.

Səfərbərliyin növbəti dalğasının elan olunması Rusiya hakimiyyəti üçün riskli qərar olar. Hakimiyyətin asanlıqla bu addımı atacağını düşünmürəm. Çünki dediyim kimi, bu , daxili xaosa səbəb ola bilər.

Beləliklə, Rusiyanı nəinki xaricdən, həm də daxildən artan təhlükələr gözləyir. Belə gedərsə, gələcəkdə hərbçilərin narazılığının artması da mümkündür.

Kənan Novruzov
İnterpress.az