Şəkidə “ZƏFƏR PARKI” salınıbbackend

Şəkidə “ZƏFƏR PARKI” salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel qələbələrinin (2016) 5 illiyində, aprelin 4-də Şəki şəhərində Vətən müharibəsinin şəhidlərinin xatirəsinə “Zəfər parkı” salınmışdır.

“Ekoloji təmiz məhsul istehsalçıları və İxracatçıları İctimai Birliyi” və “Proqres Klub Sosial Təşəbbüslər İctimai Birliyi”nin birgə layihəsi və təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə icra olunmuş layihəyə millət vəkili Əli Məsimli, vətəndaş cəmiyyətinin fəal şəxsləri, İDEA ictimai birliyinin nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyəti də dəstək verərək aktiv iştirak etmişdirlər.

Layihə üçün nəzərdə tutulmuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti və millət vəkili Əli Məsimli tərəfindən təchiz edilmişdir.
“Ekoloji təmiz məhsul istehsalçıları və İxracatçıları İctimai Birliyi”nin təsisçi, ictimai fəal Emin Əliyev saytımıza verdiyi açıqlamada bildirdi ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi üçün 3 minədək meyvə və meşə sortlarından olan ağaclar əkilmişdir. E.Əliyev qeyd etdi ki, bu cür sosial layihələr bundan sonra da icra ediləcəkdir. Artıq azad olunmuş rayonlarımızdan birində “Zəfər bağı”nın salınması üçün ilkin layihələndirmə işləri aparılır. Emin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi təşəkkürünü bildirdi. Qeyd etdi ki, nazirlik bu təşəbbüsə tərəddüd etmədən dəstək verəcəyini bildirdi və 3000 ağacın Şəki rayonu ərazisinə çatdırılmasını təmin etdi. “Millət vəkili Əli Məsimli isə bizlərlə bərabər həm Şəki şəhərində, həm də Şəkinin şəhid vermiş kəndlərində ağacların əkilməsində şəxsən iştirak etdi.

Bu təşəbbüsə dəstək verdiyi üçün şəxsən Əli Məsimliyə, Şəki RİH rəhbərliyinə, ADPU-nin Şəki filialının rəhbərliyinə və müəllim-tələbə heyətinə, İDEA İctimai Birliyindən Nuranə Əliyevaya, ictimai fəal Zülfiyyə Nuriyevaya və digər fəal iştirak edən hər kəsə təşəkkür edirəm”. 

Layihənin digər təşkilatçısı olan “Proqres Klub Sosial Təşəbbüs İctimai Birliyi”nin təsisçisi Nizaməddin Əhmədov saytımıza verdiyi açıqlamada bu bağın rəmzi xarakter daşıdığını və ağacların hər bir şəhidimizin adına əkildiyini bildirdi. Qeyd etdi ki, gələcək nəsillərin nümayəndələri torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi heç zaman unutmayaraq onların adına yetişdirilmiş meyvələrdən faydalanacaqlar.

N. Əhmədov bildirdi ki, bu layihə üzərində təxminən bir ildir ki, çalışırlar. “Bu layihənin icra edilməsi üçün bir neçə rayonla da danışıqlar aparılmışdır və ilk müsbət cavab vermiş Şəki şəhərində bu layihə icra edildi. Lakin bu layihənin bütün ölkə üzrə icra edilməsi planlaşdırılır. Hesab edirik ki, bu cür layihələrin sosial əhəmiyyəti ilə yanaşı ekoloji balansın qorunması sahəsində də əhəmiyyətinin olduğu şübhəsizdir”.

Qeyd edək ki, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi 2019-cu ildə təsis edilmiş və indiyədək 30-dan çox maraqlı layihələr icra etmişdir. Təşkilatın əsas hədəfi Azərbaycan istehsalı olan ekoloji təmiz məhsullarımızı dünya bazarına çıxarmaq və yerli brendlərimizi dünya miqyasında tanıtmaqdır. İctimai birlik 2019-cu ilin dekabr ayının 24-də Şamaxı şəhəri ərazisində 1000 ədəd Sakura ağacından(Yapon gilası) ibarət gözəl bir parkın salınması layihəsini icra etmişdir.
“Zəfər parkı” layihəsinin digər təşkilatçısı “Proqres Klub Sosial Təşəbbüs İctimai Birliyi” də artıq 10 ildir ki, aktiv fəaliyyət göstərir. Xüsusilə maarifləndirici layihələr icra edən təşkilat sadəcə 2020-ci il ərzində 60-dan çox maraqlı layihələr icra etmişdir.

İnterpress.az