“Azərbaycan Respublikasına məxsus ümumvətəndaş pasportlarını qəbul etmək Qarabağdakı erməniləri sivil dünyaya inteqrasiya edəcək yeganə yoldur. Əslində Ermənistanın 30 illik işğalına, barbarlığa, vandalizmə, işğalçılığa bir dəfə belə səslərini çıxarmayan Qarabağ ermənilərinə, Azərbaycan dövləti növbəti dəfə böyük səbr və ağıllı strategiya ilə şans tanıyır. Çünki, suveren Azərbaycan torpaqları olan Qarabağ iqtisadi zonasında məskunlaşmış ermənilər, artıq Azərbaycan cəmiyyətinin bir parçası hesab olunurlar. Yox əgər, bu şərəfə nail olmaq istəmirlərsə, o zaman indiki Ermənistan Respublikası ərazisinə geri qayıda bilərlər. Ancaq unutmamalıdırlar ki, həmin adını qeyd etdiyimiz Ermənistan Respublikası da, tarixi keçmişi etibarı ilə qədim Qərbi Azərbaycan torpaqlarıdır və bu fakt dünyanın bütün mötəbər dairələrində müzakirə mövzusu belə deyil”
Bu sözləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
Natiq Çıraqzadə qeyd edib ki, Qarabağ ermənilərinin adından Azərbaycanın təklifinə rədd cavabı verən separatçı rejimin qalıqları, oradakı erməni sakinlərinin firavan yaşayışına qarant ola bilməz:
“Başqasının torpaqlarında separatçı fəaliyyətlə məşğul olan hansısa cinayətkar dəstə, bir neçə min yerli sakinin (Qarabağdaki ermənilərin) həyatına, sosial rifahına və firavan həyatına necə qarant ola bilər ki? Bir halda ki, oradaki qondarma “rejimin” Ermənistanda və adları bizə məlum olan bəzi ölkələrdəki siyasi, hərbi, maliyyə mərkəzləri belə həmin o separatçıların təhlükəsizliyinə qarant dura bilmir. Çünki, Azərbaycan Ordusu hər zaman olduğu kimi, bu gün də Vətənin bölünməz bütövlüyü, təhlükəsizliyi və əmin-amanlığı naminə xidmət başındadır”.
İctimai fəal bu məsələnin həlli üçün hansısa üçüncü yolun olmadığını bildirib:
“Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda məskunlaşan ermənilərin hansısa başqa alternativi yoxdur. Ya tarixi, siyasi reallıqları nəzərə alıb, fərdi və toplu rifaha çatmağın labüdlüyünü dərk edib bu məsələdə konstruktivlik nümayiş etdirməli, reinteqrasiya prosesini qəbul etməli ya da, Azərbaycan torpaqlarını öz sahiblərinə – milli şüuru müxtəlif mədəniyyətlərin ahəngi ilə formalaşmış Azərbaycan xalqına yenidən təhvil verməlidirlər. Bu mövcud vəziyyətin perspektivi və məsələnin yekun həlli üçün başqa yol yoxdur”