Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenvaçda hərəkətdə olan avtomobildən avtomatik tüfəngdən atəş açması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Serbiyanın Daxili İşlər Nazirliyindən Mladenvaçda avtomat silahı olan təcavüzkarın hərəkətdə olan avtomobildən atəş açması nəticəsində 8 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı qeyd edilib.
“Qasırğa” adlı əməliyyata başlanıldığı bildirilən açıqlamada hadisəni törədən 21 yaşlı U.B.-nin mühasirəyə alındığı, lakin onun təslim olmaq istəmədiyi və atəş açmağa davam etdiyi bildirilib.
Təhlükəsizlik qüvvələrinin və ilk yardım qruplarının ərazidə olduğu bildirilib.
Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.
Serbiyada çərşənbə günü Vladislav Ribnikar İbtidai məktəbində 14 yaşlı 7-ci sinif şagirdi K.K-nın həyata keçirdiyi hücumda biri mühafizəçi də daxil olmaqla 8 uşaq, 9 nəfər həlak olub.