Şimali Koreya tarixində ən böyük hərbi gəmisini istifadəyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Koreya Xalq Demokratik Respublikası (KXDR) öz hərbi dəniz qüvvələrinin tarixdəki ən böyük və ən müasir döyüş gəmisi olan, 5000 ton su tutumuna malik “Çxve Hyon” (Ço Hyon) esminesını Nampxo limanında keçirilən təntənəli mərasimlə rəsmən istifadəyə verib.
Mərasimdə şəxsən iştirak edən Şimali Koreya lideri Kim Çen In bu hadisəni ölkənin müasir və qüdrətli hərbi dəniz donanmasının qurulmasının başlanğıcı adlandırıb.
O, gələcəkdə hərbi dəniz donanmasının nüvə silahı ilə təchiz edilməsi proqramının planlaşdırılan qrafik üzrə uğurla davam etdirildiyini bəyan edib.
Kim Çen In çıxışında ölkənin hərbi sənayesinə növbəti beşillik dövrdə hər il bu sinifdən olan və ya daha böyük olan iki yeni yerüstü döyüş gəmisinin, o cümlədən 10 min tonluq kreyserlərin inşasını tapşırıb.
Yeni istifadəyə verilən esmines müasir radar sistemləri, şaquli raket buraxılış qurğuları və nüvə başlığı daşıya bilən strateji qanadlı raketlərlə təchiz olunub.
Cənubi Koreya və ABŞ hərbi analitikləri Pxenyanın son illərdə dəniz hərbi texnologiyaları sahəsində əldə etdiyi bu sürətli irəliləyişlərin arxasında Rusiyanın texniki dəstəyinin dura biləcəyini ehtimal edirlər.
Xuraman Etibarlı
İnterpress.az






