Koçaryan ailəsinə məxsus obyekt və şirkətlərdə axtarışlar aparılır.
İnterpress.az xəbərinə görə, Ermənistan İstintaq Komitəsi bildirib ki, cinayət işi üzrə istintaq çərçivəsində “Orange” fitness klubunda, “Play City” əyləncə mərkəzində və onların direktorlarının mənzillərində istintaq hərəkətləri aparılır.
Hər iki müəssisə Koçaryan ailəsi ilə əlaqəlidir.
***
10:42
Levon Koçaryanın həyat yoldaşına məxsus “Preqomeş” şirkətində axtarış aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Preqomeş” şirkətinin ofisində axtarış aparırlar.
Məlumata görə, şirkət Levon Koçaryanın həyat yoldaşı, tanınmış erməni müğənni Sirusoya məxsusdur.
Xatırladaq ki, bu gün səhər tezdən Ermənistanın ikinci prezidenti Robert Koçaryanın, oğulları Sedrak Koçaryanın və Levon Koçaryanın evində və onların ailə şirkətlərində axtarışlar aparılır.
Həmçinin, dünən mətbuatda Robert Koçaryanın ailəsinə qarşı “hücum” hazırlandığı bildirilib.
Məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Levon Koçaryanla qızğın mübahisədən qəzəblənib.
Koçaryan Paşinyana müraciət edərək deyib: “Xalq bizdən soruşur ki, niyə bu küfr edən və xain hələ də hakimiyyətdədir”.
Xuraman Etibarlı
İnterpress.az






