İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndələri Azərbaycan-Türkiyə Evində – FOTO/VİDEObackend

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndələri Azərbaycan-Türkiyə Evində – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTAD nümayəndələri Azərbaycan-Türkiyə Evində qonaq olublar.

İnterpress.az xəbər verir ki, hər il ənənəvi olaraq Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı tarixi missiyasını, Nuru Paşanın və onun silahdaşlarının Azərbaycan xalqının istiqlalı uğrunda göstərdiyi xidmətləri yad etmək məqsədilə ölkəmizə səfər edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) nümayəndələri Azərbaycan-Türkiyə Evində qonaq olublar.

Azərbaycan-Türkiyə Evinin başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı ölkə xaricində olduğu üçün qonaqları Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova və Azəri Türk Qadınlar Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Tənzilə Rüstəmxanlının Milli Məclisdəki köməkçisi Ülviyyə Allahverdiyeva qarşılayıblar.

Tədbirin açılışında çıxış edən Məlahət Qurbanova millət vəkili Tənzilə Rüstəmxanlının səfərdə olduğu üçün görüşdə iştirak edə bilmədiyini bildirərək, onun adından qonaqları salamlayıb və Azərbaycana səfərlərinə görə təşəkkürünü çatdırıb. O, artıq ənənə halını almış bu səfər çərçivəsində ürəyi Azərbaycan sevgisi ilə döyünən dəyərli insanlarla bir araya gəlməkdən böyük məmnunluq duyduğunu qeyd edib.

Daha sonra İSTAD-ın başqanı Səfər Karakoyunlu göstərilən səmimi qonaqpərvərliyə və isti münasibətə görə təşəkkürünü bildirib. Görüşdə Aliyə Akyol(İSTAD-ın siyasi işlər üzrə başqan müavini ), Salih Demir(ehtiyatda olan zabit və İSTAD üzvü ), Muharrem Yalçın(İSTAD başqanının müavini) və Cafer Akyol(“Serhat Kültür” jurnalının yazarı, şair) çıxış edərək Azərbaycana səfərləri, Qarabağda, Şuşada və Gəncədə gördükləri, yaşadıqları duyğular və zəngin təəssüratları barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Onlar Azərbaycanın bu bölgələrində gördüklərinin özlərində böyük qürur, sevinc və dərin duyğular yaratdığını vurğulayıblar.

Görüşdə çıxış edən Azəri Türk Qadınlar Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Tənzilə Rüstəmxanlının köməkçisi Ülviyyə Allahverdiyeva qonaqlara təşəkkürünü bildirib. O qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycana göstərdiyi qardaşlıq dəstəyi xalqımızın tarixi yaddaşında əbədi yaşayır. Eyni qardaşlıq və həmrəylik ruhu 2020-ci il Vətən müharibəsi zamanı da özünü bir daha nümayiş etdirib.
Türkiyə dövləti və türk xalqı Azərbaycanın haqq mübarizəsində daim onun yanında olub. O, türk qardaşlarımızın Qarabağa, Şuşaya və Azərbaycanın digər bölgələrinə səfərləri zamanı yaşadıqları sevinc və qürurun Azərbaycan xalqının hissləri ilə üst-üstə düşməsinin iki qardaş xalq arasındakı sarsılmaz mənəvi birliyin ən gözəl təzahürlərindən biri olduğunu vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi və səmimi söhbətlərlə davam edən görüşün sonunda millət vəkili Tənzilə Rüstəmxanlının adından İSTAD-ın başqanı Səfər Karakoyunluya Azərbaycan-Türkiyə dostluğunun möhkəmləndirilməsi, iki qardaş xalq arasında tarixi və mənəvi bağların yaşadılması istiqamətində göstərdiyi fəaliyyətə görə təşəkkür plaketi təqdim olunub.

Daha sonra İSTAD adından Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türk Evinin başqanı Tənzilə Rüstəmxanlıya “Türk Dünyası Onur Plaketi” təqdim edilib. Tənzilə Rüstəmxanlı ölkə xaricində olduğundan, plaketi onun adından Ülviyyə Allahverdiyeva qəbul edib.

Təqdimat mərasimi çərçivəsində İSTAD tərəfindən Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanovaya da plaket təqdim olunub. Məlahət Qurbanovanın Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi, ortaq milli-mənəvi dəyərlərin yaşadılması və iki qardaş xalq arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib.

Qarşılıqlı təşəkkür və xoş arzuların ifadə olunduğu görüş xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.