Almaniyada cütlük 7 ildir öz mənzilinə köçə bilmir.
İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Hannoverdə yaşayan İnqo Brinkmayer və həyat yoldaşı İris 7 ildir aldıqları mənzilə köçə bilmir. Cütlük 80 kvadratmetrlik mənzili 230 min avroya (təxminən 460 min manat) alıb və burada yaşlanmağı planlaşdırıb.
Əvvəlki kirayəçi mənzili boşaltmaqdan imtina edərək psixoloji problemlərinin olduğunu və evdən çıxarılacağı təqdirdə intihar edə biləcəyini bildirib.
Psixiatr ona depressiya, təşviş və panik pozuntuları diaqnozu qoyaraq köçürülmə halında intihar riski barədə xəbərdarlıq edib.
Məhkəmə bir neçə dəfə çıxarılmanı təxirə salıb. Cütlüyün vəkilinin sözlərinə görə, kirayəçi müalicəyə başlamayıb və şəhər tərəfindən təklif olunan 23 yaşayış variantından imtina edib.
2024-cü ildə məhkəmə mənzilin boşaldılmasına qərar versə də, iki dəfə çıxarılma cəhdi baş tutmayıb.
Avqust ayında növbəti prosedur kirayəçinin çıxarılmadan qorunması ilə bağlı yeni müraciətindən sonra dayandırılıb.
Məhkəmənin nümayəndəsi bildirib ki, konkret intihar təhlükəsi olduqda insan həyatının qorunması mülkiyyət hüququndan üstün tutula bilər.
Xuraman Etibarlı
İnterpress.az






