ABŞ prezidenti Donald Tramp Azərbaycan lideri İlham Əliyevi və Ermənistan lideri Nikol Paşinyanı Ağ Evdə qəbul edərək sülhün əldə edilməsinə dair niyyət memorandumu imzalayacaq. “Middle East Eye” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, mərasim cümə günü Vaşinqtonda keçiriləcək.
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.
O bildirib ki, Azərbaycan Respublikası Rezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşniyanın ABŞ-yə səfər edəcəyi barədə məlumat inandırıcıdır və Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsi imzalamağa hazırdır.
“Azərbaycan Respublikası Rezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşniyanın ABŞ-yə səfər edəcəyi barədə məlumatlar son günlər daha da intensivləşib. Amma az qala bütün dünyanın aparıcı informasiya vasitələri bu barədə xəbər verir, lakin nə Azərbaycan, nə də Ermənistandan rəsmi şəkildə məlumat verilib.
Düşünürəm ki, bu boyda məlumatın yalan olması, yaxud da ki, əsassız olması ehtimalı çox aşağıdır və mən də o politoloqların tərəfindəyəm ki, bu iki lider ABŞ-yə yaxın günlərdə səfər edə bilər.
Səfərdən məqsəd bilindiyi kimi, iki dövlət arasında sülh müqaviləsinin imzalanması, yaxud sülh müqaviləsinin paraflanması məsələsidir.
Azərbaycan Respublikası tərəfindən Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi barədə iddia qaldırılmışdı və şərt kimi irəliyə sürülmüşdü. Ermənistan tərəfi bu iddianı qəbul edir və Konstitusiyada da dəyişiklik etmək istiqamətində müəyyən tədbirlər görməyə çalışır.
Amma təbii ki, bu tədbirləri Ermənistan tərəfi iddia edir ki, Konstitusiyaya dəyişiklik sadəcə bir neçə ayın işi deyil, buna hazırlaşmaq lazımdır və müəyyən müddətdən sonra bunu həyata keçməyə söz verib.
Azərbaycan Respublikası da prinsip etibari ilə müqavilənin tam imzalanması olmasa da, paraflanmasına razılıq verib və bu barədə Azərbaycanın rəsmləri ictimaiyyəti məlumatlandırırlar.
Və beləliklə, sülh müqaviləsinin imzalanması istiqamətində əgər Ermənistan həqiqətən Konstitusiyada dəyişiklik edib, Azərbaycana olan ərazi iddialarını oradan götürəcəksə, sülh müqaviləsinin imzalanması istiqamətində heç bir problem olmadığını bildirib.
Belə görünür ki, həqiqətən də Azərbaycan Respublikası müqavilə imzalamağa razıdır, Elmənistan isə çoxdan razıdır, amma qeyd etdiyimiz kimi, təkcə məsələ sülh müqaviləsinin imzalanmasında deyil, sülh müqaviləsində sonra gələn proseslər daha da əhəmiyyətlidir.
Bu proseslər nədir? Bu proseslər Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin yaranması, diplomatik nümayəndəliklərin açılması və ən əsas isə dəhliz məsələsinin həll olunmasıdır”, – siyasi şərhçi vurğulayıb.
Ə.İbrahimov daha sonra qeyd edib ki, bu səfərdən müsbət nəticələr gözlənilir, o cümlədən, Zəngəzur dəhlizi ilə bağlı məsələ həllini tapa bilər.
“Mən düşünürəm ki, əgər Azərbaycan Respublikası Prezidenti və Ermənistan Baş naziri Amerika Birləşmiş Ştatlarına səfər edəcəklərsə, bu səfərdə təkcə sülh müqaviləsinin imzalanması istiqamətində deyil, eyni zamanda. iki dövlət arasında münasibətlərin qurulması, inkişaf etdirilməsi istiqamətində müəyyən razılaşmalar əldə olunacaq. O cümlədən, məlum dəhliz məsələsinin həll olunması da gündəmə gələ bilər.
Bildiyimiz kimi, ABŞ bu dəhlizin açılmasında və məhz ABŞ-nın şirkətlərinin nəzarəti altında fəaliyyət göstərməsində ciddi şəkildə maraqlıdır.
Mən düşünürəm ki, bu barədə hər iki dövlət tərəfindən rəsmi məlumat verilməməsi də müəyyən məsələlərin razılaşdırılıb bitməməsidir.
Hesab edirəm ki, səfərə qədər danışıqlar gedir. Heç şübhəsiz ABŞ-nın nümayəndəsinin iştirakı ilə danışıqlar gedir və ABŞ nümayəndəri bu danışıqları düşünürəm ki, Ermənistanla Azərbaycan arasında gedən danışıqları bir vasitəçi kimi uzlaşdırır.
Mən heç şübhə etmirəm ki, yaxın günlərdə ABŞ-yə səfər və orada iki dövlət rəhbərinin Amerikanın vasitəsi ilə görüşünün baş tutması haqqında artıq məlumatlar gələ biləcək. Və mən düşünürəm ki, əgər ABŞ bu prosesi və bu prosesdə vasitəçik etmək kimi bir missiyyanı üzərinə götürübsə, bu iş uğurla nəticələnəcək.
Düşünürəm, nəhayət ki, Azərbaycan-Ermənistan arasında ciddi şəkildə danışıqlar sırasında müəyyən irəliləyiş ola bilər”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az