Braziliyada tanınmış influenser avtomobilində 103 kiloqram qızıl ilə saxlanılıb.
Interpress.az xəbər verir ki, Braziliyada yol polisi tərəfindən aparılan adi yoxlama zamanı pikap avtomobilində 103 kiloqram çəkidə qızıl aşkarlanıb. Qızılın ümumi dəyəri 9,6 milyon avrodan çoxdur.
Məlumata görə, avtomobildə tanınmış 32 yaşlı influenser Suzi Alenkar, onun həyat yoldaşı və 9 aylıq körpəsi olub. Alenkarın “Instagram”da 30 mindən çox izləyicisi var.
Polis qızıl külçələrinin avtomobilin ikili döşəməsində gizlədildiyini müəyyən edib – ümumilikdə 205 ədəd külçə aşkarlanıb.
Hadisədən sonra Alenkar saxlanılıb, lakin daha sonra sərbəst buraxılıb. Avtomobili idarə edən həyat yoldaşı isə ilkin istintaq üçün həbsxanaya yerləşdirilib.
Mediada yayılan məlumata görə, sürücü əvvəlcə Manauş şəhərindən Boa-Vista şəhərinə tikinti müfəttişi kimi gəldiyini iddia edib, lakin nə tikinti obyekti, nə də işlədiyi şirkətin adını göstərə bilməyib.
Hadisə ilə bağlı Braziliya hüquq-mühafizə orqanları qanunsuz qızıl ticarəti şübhəsi ilə araşdırma aparır.
Xuraman Etibarlı
Interpress.az