ABŞ-də uşaq təmizləyici məhsulu südlə səhv salaraq içib və infarkt keçirib və dilinin yarısını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-də azyaşlı oğlan təmizləyici məhlulu səhvən süd zənn edərək içib və ağır vəziyyətə düşüb. Zəhərlənmənin ardından uşaqda güclü tənəffüs yolları, dodaq, ağız və dil yanığı yaranıb.
O, təcili şəkildə xəstəxanaya çatdırılıb və 27 həkim və tibb bacısından ibarət briqada onun həyatını xilas etməyə çalışıb.
Reanimasiyada uşağın ürəyi üç dəqiqə dayanıb və həkimlər ürək tutmasının qarşısını almağa nail olublar. O, iki ay intensiv terapiya şöbəsində qalıb.
Hazırda oğlan nə yeyə, nə içə, nə də danışa bilir – ağızdakı yanıq səbəbilə dodaqları bir-birinə yapışıb. Həkimlər ağız boşluğuna baxa bilmir, uşaq xüsusi qidalanma zonduyla yaşayır. Atası Nadin əl-Şamerinin sözlərinə görə, oğlunu çox çətin və mürəkkəb rekonstruktiv əməliyyat gözləyir.

Xuraman Etibarlı
İnterpress.az






