Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.
İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:
“Məlum olduğu kimi, sentyabrın 19-da Azərbaycanın polis əməkdaşları və mülki şəxslər Ermənistan terrorunun qurbanı olublar.
Vətən müharibəsindən sonra – 10 noyabr 2020-ci ildən indiyədək 320 Azərbaycan vətəndaşı 2020-2023-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mina terrorlarının nəticəsidir. Rəsmi İrəvan dəfələrlə mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və bu, azmış kimi terror planlarını davam etdirib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirib. Bu isə azad edilmiş yurd-yuvalarına köçən azərbaycanlıların, orada bərpa və quruculuq işlərində çalışan insanların, eləcə də xidmət edən şəxslərin həyatını təhlükəyə atır.
Bütün bunlar Ermənistanın Azərbaycanın təklif etdiyi sülh prosesini ləngitməkdədir. Görünən odur ki, Ermənistan bölgədə sülh istəmir və terror siyasətini davam etdirir.
Ermənistan yürütdüyü terror siyasəti ilə bütün dünyaya öz çirkin məqsədlərini nümayiş etdirir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində cəmləmiş qanunsuz silahlı dəstələri təhlükə mənbəyinə çevrilib. Qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisində fəaliyyəti yolverilməzdir və bu üçtərəfli bəyanata ziddir.
Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Biz Azərbaycan Ordusunun bu tədbirlərini dəstəkləyir və hər zaman olduğu kimi bu gün də dövlətimizin, xalqımızın və Ordumuzun yanında olduğunu bəyan edirik.
Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları isə Ermənistanı terror siyasətinə son qoymağa məcbur etməyə çağırırıq”.