Türk olmaq məsuliyyəti və Avropanın hikkəsi – Tənzilə Rüstəmxanlı yazırbackend

Türk olmaq məsuliyyəti və Avropanın hikkəsi – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çağdaş dünyanın siyasi sistemində bir çox məsələlərə ikili standart əsasında münasibət göstərilir. Azərbaycan Qarabağ məsələsində bu halların dəfələrlə şahidi olub. Xüsusilə 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının təşkilatına üzv olduqdan sonrakı dövrün təcrübəsi də göstərir ki, ermənipərəst, antitürk qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

AŞPA-nın qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsi bu qərəzin pik nöqtəsi oldu. Bu olayın siyasi tərəfləri haqqında xeyli danışıldığından bir məqama toxunmaq vacibdir ki, əslində antitürk və antiislam əhval-ruhiyyəsi Avropada həmişə olub və bu qərəz, nifrətin tarixi kökləri var.

Hələ beş yüz il əvvəl – XVI əsrdə Avropa ölkələrində türklərin əleyhinə təqribən 2500 yazı nəşr olunmuşdu. Bunlardan minə qədəri alman dilində yazılmışdı. Məqsədi türklərə qarşı hamıda kin və nifrət hissi aşılamaq olan bu yazılarda türklər qəddar, mədəniyyət düşməni və cahil olaraq təqdim olunurdular. Avropa dövlətləri Osmanlı dövlətinə qarşı çıxış edən bolqarlar, serblər, xorvatlar, polyaklar, yunanlar, ermənilər, çernoqoriyalılar, albanlar, çexlər və digər etnik qrupları açıq-aşkar dəstəkləyir, bütün mümkün vasitələrlə dünya ictimaiyyətində türklər əleyhində müntəzəm kampaniya aparırdılar.

Bu işdə din xadimləri, ədəbiyyatçılar, rəssamlar və bəstəkarlar fəal mövqe tutub, tanınmışlar öz oxucularına türklük qorxusu körükləyib. Bu baxımdan Avropada indi baş verənlər, bu, prosesin davamı, tərkib hissəsi və aysberqin yalnız görünən tərəfidir. Qaçqınlar problemi, iqtisadi problem, Rusiyanın Ukraynaya qarşı müharibəsi, müxtəlif böhranlar və digər amillər – bütün bu kataklizmlər dalğasında Avropanın müxtəlif ölkələrində ifrat sağçı, faşist əhval-ruhiyyələr güclənir. Suyun altında gizli qalanı zaman göstərəcək. Son zamanlar bu əhval-ruhiyyələrin güclənməsini və türkofobiyanın və islamofobiyanın inkişafından faydalanan ifrat sağçı partiyaların və siyasətçilərin gündəmə gəlməsini müşahidə edirik. Beləliklə, onlar digərləri ilə yanaşı, regionda vəziyyəti gərginləşdirmək məqsədi güdürlər. Artıq uzun müddət ərzində avropalıların şüurunda islamofobiya anlayışı türkofobiya anlayışına bərabər tutulur.

Antiislam əhval-ruhiyyəsinin güclənməsi o deməkdir ki, antitürk əhval ruhiyyəsi də güclənir. Bu ilk növbədə Türkiyənin rolunun regionda güclənməsi və onun dövlət kimi mökhəmlənməsi ilə bağlıdır. Bəzi Avropa ölkələri, xüsusilə də aparıcı Fransa və Almaniya ölkələri, həmçinin Belçika, Hollandiya və digər ölkələr bundan narazıdırlar və demokratiya və insan hüquqları adı altında və ya açıq-aydın həmişə Türkiyəyə qarşı çıxış edirlər. Türkiyədə son prezident seçkiləri zamanı da qardaş ölkəyə qarşı eyni radikal nifrətin şahidi olmuşuq. Bu baxımdan indi baş verənlərin də prezident seçkiləri ərəfəsinə rastlanması təsadüfi sayılmamalıdır. 7 fevral prezident seçkiləri bir çox baxımdan Azərbaycan tarixinin siyasi zirvəsi sayıla bilər. Heç bir sorğu keçirmədən də məlumdur ki, seçicilərin əksəriyyətiAzərbaycanın ərazi bütövlüyünü təmin etmiş komandana səs verəcək. Avropada çox yaxşı bilirlər ki, hazırkı prezident cəmiyyətin əksəriyyətindən yenidən hakimiyyət mandatı alacaq və pressinq qarşısında daha da dözümlü olacaq.

Xüsusilə Ermənistanla sülh müqaviləsini bəhanə edərək regiona nüfuz etmək istəyənlər üçün Azərbaycanda yeni seçkidən yenidən və daha da güclənərək çıxmış bir prezident arzuolunan deyil və özləri üçün arzuolunmaz nəticəni şübhə altına almaq üçün seçkiqabağı mühitin adekvat olmadığına dair ortaq mövqeni indidən formalaşdırmağa cəhd edirlər. Açıqdan açığa iki böyük Türk lideri – Ərdoğan və İlham Əliyev bu səbəbdən hədəf alınır. Eyni prosesin qardaş Türkiyə yə qarşı aparıldığının da şahidi olmuşuq. Amma antitürk ittifaqı çağdaş dünyada Türk Dünyasının ciddi güc mərkəzi olduğunu unudur. Türk olmaq məsuliyyətli işdir. Türk olsan bütün dünya sənə qarşı gələcəkdir. Bu məsuliyyəti daşımaq, bu çətinliklərə sinə gərmək hər millətin işi deyil. Türk olmamaq isə ondan da çətindir: rəqibin Türk dünyası olacaqdır və demək məhvə məhkumsan.

Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri