“Qardaş Türkiyədəki seçimlər demək olar ki, bitdi. Geriyə qalan seçkinin nəticələrinin rəsmiləşdirilməsi və yeni kabinetin formalaşdırılmasıdır”.
İnterpress.az xəbər verir ki, bunu jurnalist, Azərbaycan Milli Elmlər Akademiyasının işçisi Vüsalə Rafiqqızı bildirib.
“Türkiyədəki seçkiləri Azərbaycan xalqı demək olar ki, ayaqda izləyirdi. Mayın 14-dən 28-ə qədər olan qısa vaxt aralığında baş verənlər növbəti turda cənab Ərdoğanın qələbəsinin tam da olacağını düşünməyə əsas versə də, etiraf etməliyik ki, dünənki günü də əlimiz ürəyimizin üstündə sona qədər izlədik. Bu seçimlərlə Türkiyə həm də demokratiyadan danışıb, amma özləri çox zaman haqqı nahaqqa verən (biz bunu Qarabağ məsələsində görmüşük), özünə demokrat deyən ölkələrə bir dərs verdi”.
O bildirib ki, Türkiyədəki seçkilərin hər zaman diqqətimizdə olsa da ( vaxtı ilə mən özüm jurnalist kimi ordakı seçkiləri izləmişəm), indiki dönəmdə Azərbaycanda bu qədər həssaslıqla izlənilməsinin səbəbləri hər kəsə-hətta yaxında, uzaqda olan ölkələrin insanlarına aydındır: “Qarabağ məsələsinin son nöqtəsi olacaq sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının Azərbaycan və Türkiyə üzərindən daşınması, saydığımız və saymadığımız onlarla məsələ, problem, layihə, adını nə istəyiriksə qoya bilərik. Bildiyimiz tək şey bu regionda sabitlik, inkişaf Türkiyəsiz olmaz. Dünya siyasətində öz çəkisi olan cənab Rəcəb Tayyib Ərdoğansız bu bölgədə haqq ədalət prinspləri,Turan ideyalarının gerçəkləşməsi indiki geosiyasi şəraitdə çətin yerini tapardı. Türkiyəni parçalamaq üçün hər yandan qardaş ölkəyə əl uzadanların “əlinin kəsilməsi” üçün Türkiyəyə məhz Ərdoğan lazım idi. Türk insanı bunu yaxşı bilir”.
V.Rafiqqızı əlavə edib ki, Türkiyə insanı Ərdoğanı seçməklə öz dövlətinin gələcəyinə, qüdrətinə səs verdi: “Azərbaycan insanı arxasında Türkiyə kimi bir qardaş ölkəsinin olmasına, türk birliyinin nəhayət ki, düşüncədən reallığa çevrilməsinə sevinir. Türk dünyası Böyük Turana doğru yol alıb. Bu yolda hələ çox mübarizələr, mücadilələr olacaq. Ancaq hər kəs Türk dünyası liderlərimizin iradəsi, qətiyyəti sayəsində Böyük Turan ideyasının gerçəkləşəcəyinə inanır. Tanrı Türkü, Türk dünyasının liderlərini, millətimizi qorusun!”.