Böyük Britaniyada yerləşən British American Tobacco (BAT) bir törəmə şirkəti ABŞ sanksiyalarını pozaraq Şimali Koreyaya tütün məhsulları satdığını etiraf etdikdən sonra 635 milyon 241 min 338 dollar cərimə ödəyəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şirkətdən verilən məlumata görə, BAT ABŞ Ədliyyə Departamenti və Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə 2007-2017-ci illər arasında Şimali Koreya ilə keçmiş biznes fəaliyyəti ilə bağlı araşdırmaları həll etmək üçün razılığa gəlib.
Açıqlamada BAT-ın Şimali Koreyanın sanksiyalarını pozduğu səbəbilə ABŞ səlahiyyətlilərinə cəmi 635 milyon 241 min 338 dollar və faiz ödəyəcəyi qeyd edilib.
Şirkətin açıqlamasında bildirilir ki, BAT 2017-ci ilin sentyabr ayından etibarən Şimali Koreya ilə bütün ticarət fəaliyyətlərini dayandırıb.
ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada, BAT və onun törəmə şirkəti olan BAT Marketing Singapore-un sanksiyaların pozulması və bank fırıldaqlarına görə cəza ödəməyə razı olduğu bildirilib.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada BAT-ın Sinqapurdakı törəməsinin 2017-ci ilə qədər Şimali Koreyanın Sinqapurdakı səfirliyinə tütün ixrac etdiyi və ödənişlər üçün ABŞ banklarından istifadə etdiyi qeyd edilib.
ABŞ Şimali Koreyaya nüvə və ballistik raket fəaliyyətlərinə görə sanksiyalar tətbiq edir.