ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayana kimi Donetsk vilayətinin Baxmut şəhərini tam ələ keçirməyə çalışır. Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatı Baxmutda ciddi itkilər verir:
“Gələcəkdə şəhərin ələ keçirilməsi mümkündür. Rusiya Müdafiə Nazirliyi Baxmutun mümkün qədər tez ələ keçirilməsində maraqlıdır. Buna görə də əvvəlki ziddiyyətə baxmayaraq, Müdafiə Nazirliyi “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə artıq əməkdaşlıq edir. Onlar Baxmutda koordinasiyalı davranırlar”.
Məlum olduğu kimi, Baxmutda döyüşlər 6 aydan çoxdur ki, davam edir. Rusiya ordusu şəhəri bütünlüklə ələ keçirmək istəyir. Ukrayna Silahlı Qüvvələri qarşı tərəfi şəhərdən çıxarmaq üçün çalışır. Baxmut hər iki tərəf üçün strateji əhəmiyyətlidir. Məsələ ondan ibarətdir ki, Rusiya şəhəri tamamilə işğal edərsə, Donetsk vilayətini nəzarəti xeyli dərəcədə təmin etmiş olacaq. Bu isə Rusiyanın Ukraynanın cənubunda üstünlüyü ələ alması deməkdir. Bunu Ukrayna müdafiəçiləri də bilirlər. Ona görə də var gücləri ilə müqavimət göstərirlər.
İkinci bir tərəfdən, Baxmut uğrunda döyüşlər təkcə strateji yox, həm də psixoloji baxımdan əhəmiyyətlidir. Belə ki, tərəflərdən birinin Baxmutda nəzarəti tam təmin etməsindən sonra, qarşı tərəfdə psixoloji sarsıntının yaşanması ehtimalı böyükdür. Bu, təkcə orduda yox, həm də xalqın ictimai rəyində özünü göstərəcək.
Əvvəllər də dediyimiz kimi Ukraynanın planlaşdırdığı əks- hücum əməliyyatlarını ən qısa vaxtda başlatması vacibdir. Sözsüz ki, rəsmi Kiyevin əks-hücum əməliyyatı barədə xəbərdarlıqları artıq Rusiyanı narahat etməyə başlayıb. Amma sözdən hərəkətə keçməyin vaxtıdır. Əks halda da Baxmutda vəziyyət daha da qəlizləşə bilər.
Rusiya Silahlı Qüvvələri hər ötən gün Baxmutda daha da möhkəmlənməyə çalışır. Ukrayna tərəfinin bunun qarşısını almağa çalışması vacibdir.
Görünür, Baxmut Rusiya üçün, həqiqətən, vacibdir. Və əgər ABŞ İnstitunun iddia etdiyi kimi, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı bu məsələdə əməkdaşlıq edirlərsə, görünür, hər iki cəbhə Baxmutun əhəmiyyətini anlayır. Başqa sözlə desək, şəhərin işğalının vacibliyinə dair Müdafiə Nazirliyi ilə “Vaqner”in fikirləri üst-üstə düşür. Hərçənd bundan sonra tərəflər arasında yenidən gərginliyin yaranması mümkündür. Bu, xüsusilə Ukraynanın əks-hücumları başlayanda özünü göstərəcək.
Ukraynanın Baxmutdan asanlıqla çıxacağını düşünmürəm. Əgər bu olsa və əvəzində heç bir irəliləyiş əldə olunmasa, rəsmi Kiyev hərb meydanında üstünlüyü əldən verə bilər.
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti
İnterpress.az