Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib.
“Təmiz ölkəm” devizi altında keçirilən “Ümumrespublika Təmizlik Marafonu” çərçivəsində növbəti aksiya Xəzər dənizinin Bilgəh sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi əməkdaşlarının, “Təmiz Şəhər” ASC, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Binəqədi rayon İcra Hakimiyyəti, bələdiyyənin nümayəndələri və ekokönüllülərinin iştirak etdiyi aksiyada 300 kiloqramdan artıq tullantı yığılaraq ərazidən daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, ictimaiyyəti istirahət edərkən tullantıları təyin olunmuş yerlərə atmağa, təmizliyə riayət etməyə sövq etməkdir.