Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sabiq sədri Ramil Orucovun vəzifəsindən azad edilməsinin səbəbləri açıqlanıb.
Bu barədə İnterpress.az özəl olaraq məlumat əldə edib.
Məlumata görə, YAP funksionerinin təşkilatdakı vəzifəsindən çıxarılmasının səbəbi onun Rusiyada biznes fəaliyyəti ilə məşğul olmasıdır.
Belə ki, Rusiyanın Moskva və Tükiyənin İstanbul şəhərlərində böyük bizneslərə sahib olan R.Orucovun siyasi fəaliyyətə ikinci dərəcəli yanaşması onun təşkilatdan uzaqlaşdırılmasına gətirib çıxarıb.
R.Orucov ötən ilin yanvar ayında YAP Gəncə şəhər təşkilatına sədr təyin edilməsinə baxmayaraq, biznes fəaliyyətini davam etdirib. Bu isə onun siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədib.
Buna görə də, R.Orucov bizneslərini əldən çıxarmamaq və ya daha da genişləndirmək üçün bütün enerjisini və gücünü bu istiqamətdə sərf edib.
Bu səbəbdən o, YAP Gəncə şəhər təşkilatına rəhbərlik etmə imkanlarını faktiki olaraq məhdudlaşdırıb.
Məlumata görə, R.Orucov YAP Gəncə şəhər təşkilatının sədri olduğu dönəmdə mütəmadi olaraq, bizneslərinin mövcud olduğu ölkələrə səfər edib və bu səfərlər günlərlə, bəzən isə aylarla davam edib.
Ölkədə olmadığına görə R.Orucovun rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən xəbərsiz olub. Bu isə onun işdən qovulmasına qədər gətirib.
Qeyd edək ki, R.Orucov işdəm qovulandan sonra birdəfəlik Rusiyaya köçüb. O, özünü üçün burada Rusiyada Yaşayan Azərbaycanlıların Diaspor Mərkəzi adlı təşkilat yaradıb.