Ötən gün Papua-Yeni Qvineyada baş verən 7 bal gücündə zəlzələ 4 nəfərin həyatına son qoyub, 300-dən çox evi dağıdıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Episentri Papua Yeni Qvineyanın şimalında yerləşən Çambri gölü olan zəlzələ ətraf mühitdə dərin çatlar, dağıntılar və insan tələfatına səbəb olub.
Məlumata görə, zəlzələ nəticəsində 23 kəndə ziyan dəydiyi, 4 nəfərin öldüyü, ən azı 17 nəfərin yaralandığı bildirilib.
Zəlzələdən zərər çəkmiş ərazidə 300-dən çox ev dağılıb.
Port Moresbi Geofizika Rəsədxanasının direktor müavini Metyu Moihoi bildirib ki, zəlzələ zonasının uzaqlığı və kommunikasiya xətlərindəki problemlər səbəbindən dəymiş ziyanın miqyasını anlamaq bir neçə gün çəkə bilər.
Moihoi bildirib ki, zəlzələ ölkənin dağlıq bölgələri də daxil olmaqla ətraf rayonlarda hiss olunacaq qədər böyük olub.
ABŞ Geoloji Xidməti (USGS) dünən səhər yerli vaxtla saat 04:00 radələrində qeydə alınan 7 bal gücündə zəlzələnin 62 kilometr dərinlikdə orta nöqtəyə çatdığını açıqlayıb.
Papua Yeni Qvineya Sakit Okeanın “Alov halqası”nda yerləşir və burada dünyada ən çox zəlzələ və vulkanik fəaliyyət baş verir.
2022-ci ilin sentyabrında ölkədə baş verən 7,6 bal gücündə zəlzələdə 21 nəfər həyatını itirib.