İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan verib.
“Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək vaqonların istehsal ediləcəyi birgə zavod yaradacaq. Sözügedən mövzu ilə bağlı paytaxt Bakıda Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşdüm, Bakı-Tbilisi-Qars dəmir yolunun daha yaxşı xidmət göstərməsi üçün görüləsi işləri müzakirə etdik”, – nazir bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yoluna böyük sərmayə qoyulub. Buradan yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, bütün qonşu ölkələrin yüklərinin daşınması nəzərdə tutulur. Buna görə də Azərbaycan və Türkiyə birlikdə Azərbaycanda bir zavod yaradacaq və yük vaqonlarını birgə istehsal edəcək. Türkiyəli nazir hazırda layihə üzərində işlərin tamamlanmaq ərəfəsində olduğunu bildirib:
“Hələlik Bakı-Tbilisi-Qars dəmir yolu ancaq yük nəqliyyatı xidmətini həyata keçirir. Sərnişin nəqliyyatı sonrakı illərdə başlayacaq”.
İnterpress.az