Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.
Məktəbin akt zalında təşkil olunan mərasimdə ilk olaraq Həsən Məmmədovun həyat və yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx nümayiş olundu.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək tədbir iştirakçılarını salamladı. Bildirdi ki, Həsən Məmmədov Azərbaycan kinosunun “qızıl fondu”nu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirib. Onun yaratdığı bir çox qəhrəmanlar tamaşaçılara yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, unudulmaz aktyor Həsən Məmmədovdur. O, 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub, burada 2 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyor sənətinə böyük marağı olan Həsən Məmmədov universitetdən çıxaraq bir müddət müxtəlif teatrlarda çalışıb, sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, tələbəlik illərində müəyyən fasilələrlə Azərbaycan Radiosunda fəaliyyət göstərib.
Nazirin birinci müavini qeyd etdi ki, Həsən Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun aktyorluq kursunu 1962-ci ildə bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən etibarən teatrda fəaliyyəti ilə bərabər “Azərbaycanfilm” kinostudiyasında filmlərdə çəkilib, milli kinomuzun ən maraqlı və yaddaqalan ekran əsərlərində yer alıb: “Həsən Məmmədov \”Böyük dayaq\”da Qaraş, \”Arşın mal alan\”da Əsgər, \”Gün keçdi\” filmimdə Oqtay, \”Arxadan vurulan zərbə\”də Qəmərlinski, \”Birisi gün gecə yarısı\”nda Baba Əliyev, \”İstintaq\”da Murad, \”Dədə Qorqud\”da Dədə Qorqud, \”Axırıncı aşırım\”da Abbasqulu ağa Şadlinski, \”Yeddi oğul istərəm\”də Bəxtiyar və s. rolları ilə Azərbaycan kinosunun “qızıl fond”unu təşkil edən obrazlar qalereyasını yaradıb. O, 50-dən çox filmdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı rollarla geniş tamaşaçı rəğbəti və sevgisi qazanıb”.
Vurğulandı ki, aktyorun çəkildiyi ekran əsərləri bu gün də böyük maraqla izlənilir. Xalq artisti Həsən Məmmədov \”İstintaq\” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, \”Birisi gün gecə yarısı\” ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Vaqif Əliyev vurğuladı ki, bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və gənc nəsillərə təbliği, onun görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi, günümüzdə ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması və onların qayğılarına diqqətlə yanaşılması ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülür və görülməkdədir. Müvafiq dövlət proqramları, ölkə başçısı tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz – Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir və başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir: “Azərbaycan mədəniyyəti və kino sahəsi ilə bağlı qeyd olunanların işığında, sonda bir daha milli kino və teatr sənətimizin əvəzolunmaz nümayəndəsi Həsən Məmmədovun xatirəsini hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirik”.
Yubiley gecəsinin aparıcısı – Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışdı.
Əməkdar incəsənət xadimləri – kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında danışdılar, onun Azərbaycan kinosu tarixində önəmli mövqeyindən söz açaraq sənətkarla bağlı xatirələrini bölüşdülər.
Aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsi, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
İnterpress.az