Vilayət Quliyevin kitablarını vərəqlərkən
Çağdaş filologiyamızı bəsit sosioloji şərhçilikdən, resenziyaçılıqdan, tərifnamə və mədhiyyəçilikdən xilas edib ictimai düşüncəmizin, elmi-nəzəri fikrimizin qabaqcıl və mühüm bir qoluna çevirən alimlərimizdən biri də filologiya elmləri doktoru, professor, tanınmış ictimai-siyasi xadim, diplomat, dəyərli ziyalımız Vilayət Quliyevdir.
Məncə, Yaşar Qarayevdən, Asif Atadan başlanan yeni nəsil (keyfiyyət anlamında) filoloq alimlərimiz, Vilayət Quliyev də onların arasında, son qırx ildə yüksək nəzəri hazırlıq və təbii istedad sayəsində ədəbi tənqidimizi öz əsl təyinatına yaxınlaşdırmış, onu ədəbiyyatın müstəqil, ciddi ictimai- fəlsəfi yüklü bir sahəsi kimi xeyli inkişaf etdirmişlər.
Ömrünü yalnız məhdud bir mövzu ətrafında fırlanmağa və ya bir müəllifin tədqiqinə sərf edən elmlər namizədləri və doktorlardan fərqli olaraq bu alimlər məhdudiyyət tanımadılar. Araşdırıcılıqdan, mətnşünaslıqdan, ədəbiyyatşünaslıqdan, nəzəri-fəlsəfi fikirdən başlayaraq – milli tariximizin üzləşdiyi problemlərə, onların bədii ədəbiyyatımızdakı əksinə, ədəbiyyat və milli ideologiya məsələlərinə qədər geniş bir meydanda nəfəslərini qısmadan fəaliyyət göstərdilər. Lakin Vilayət Quliyev milli ideallarımızın ədəbiyyata yansımasını araşdırmaqla yanaşı, həm də bu idealların reallaşdırılması yolunda mübarizələrə qatıldı, ən ağır günlərdə millət vəkili oldu; müharibə şəraitində təklənmiş ölkənin xarici işlər naziri kimi çətin, lakin şərəfli vəzifənin ağırlığına qatlaşdı, Avropa ölkələrində Azərbaycan Respublikasının böyük elçisi olmaq missiyasını daşıdı. Bu baxımdan taleyimizdə bizi doğmalaşdıran ortaq cəhətlər də var.
Ömrünün bu mərhələlərinin heç birində onun qələmi dayanmadı. Konyuktura və ədəbi dəb havasına yazanlardan, danışanlardan olmadı; onun öz “mühiti”, ədəbi proqramı var; kitablarını gözdən keçirəndə bu “proqramı”n bəzi özəlliklərini görmək mümkündür.
Alim dostum araşdırıcılıq işinə Azərbaycanın mənəvi pasportu olan, milli simamızı müəyyənləşdirən böyük şəxsiyyətlərin – böyük maarifçilər nəslinin öyrənilməsi, onlar haqqında monoqrafiyalarını oxuculara təqdim etməklə başlamışdı. Lakin bununla yanaşı, o filologiyaya, həm də – ədalətin bərpası, unudulmuşların yada salınması, haqqı tapdalananların haqqının verilməsi, milli dirçəlişimizdə, dövlətçilik tariximizdə xidməti olanların xatirələrinin əbədiləşdirilməsi, Azərbaycan çağdaş tarix düşüncəsinin və ictimai fikir qaynaqlarının üzə çıxarılaraq layiqincə dəyərləndirilməsi vəzifəsi kimi baxır. Bunu bir vətəndaşlıq borcu sayır, ömrü boyu da sakitcə, reklamsız, təmənnasız, qəhrəmanları olan ziyalıların səviyyəsində dayanan bir kamillik və təmkinlə bu borcunu yerinə yetirir.
Böyük şəxsiyyətlərə sayğısı və onlar haqqında həvəslə yazmasına baxmayaraq, yaradıclıq vicdanı onu həm də milləti millət edən “divar daşlarının”, sıravi insanların, “mütəvazi” ziyalıların, ilkinlərin, cığır açanların üzə çıxarılması işinə yönəltmişdir; əsas istəyi, iddiası öz dediyi kimi, “naməlumluqları – dəryanı oluşduran damlaları üzə çıxarmaq” olmuşdur.
Vilayət Quliyev ardıcıl yazan və nəşr olunan, daha doğrusu, yaradıcılıq işini öz ömrünün əsas məqsədi hesab edən qələm sahiblərindəndir. Kitablarının sayını bilmirəm. Məncə, iyirmiyə yaxın iri həcmli kitabı çıxmışdır; məndə onların yalnız bir hissəsi var və bu qeydlərimi də elə əlimin altındakı kitablara əsasən yazıram, təəssüf ki, son kitablarından xəbərim yoxdur. Lakin heç bu kitablar olmasaydı da yalnız mətbuatdakı yazıları bu söhbətin nə qədər ciddi bir alimdən, möhtərəm bir ziyalıdan, ürəyi yurd, millət sevgisi ilə dolu olan qeyrətli bir vətəndaşdan getdiyini sübut üçün yetərli olardı.
Vilayət bəyin mətbuatda dərc olunan məqalələri ədəbi-ictimai maraq dairəsinin genişliyi ilə heyrət doğurur: ədəbiyyat tarixi, folklor, ümumtürk mədəniyyəti, bədii tərcümə problemləri, Nizamidən üzü bəri bir çox böyüklərimizin yaradıcılıq aləmi, ədəbi əlaqələr, Rusiya-Azərbaycan ilişkiləri, XIX-XX yüzillərdə yaşamış və çağdaş Azərbaycanın mənəvi, siyasi qurucuları olan ziyalılarımız, XIX əsr Azrbaycan mədəniyyəti və ictimai fikri, milli tariximizin nəsrimizdə əksi, Azərbaycan Demokratik Respublikasının tarixi və qurucularının taleyi, çağdaş ədəbiyyatımız, milli ideologiyamızın problemləri, dünya ədəbiyyatı… Hamısını yazıb bitirmək mümkün deyil.
Onun samballı kitablarından bir neçəsinin adını çəksəm, alim dostumun yaradıcılıq coğrafiyası daha yaxşı görünər: “Mirzə Kazım bəy”, “Ağaoğlular”, “Azərbaycanda erməni zülmü”, “İsa Sultan Şahtaxtinskinin qəribə həyatı”, “Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti”, “Tarixdə iz qoyan şəxsiyyətlər”, “Böyük əkinçi”, “Açıq sözün hikməti”, “Tariximiz, taleyimiz…” və s. Məncə, yalnız bu sadalamanın özü alim fədakarlığı barədə müəyyən qənaətə gəlməyə bəs edir. Çünki bunların heç biri asan mövzu deyildir; çoxu indiyədək araşdırıcıların diqqətindən kənarda qalmışdır; bu mövzularda obyektiv söz demək üçün yalnız nəzəri hazırlıq, alim təfəkkürü yetərli deyil; arxivlərdə işləmək, əski əlifbayla yazılmış ilk mənbələri, kitabları, qəzet və dərgiləri incələmək lazımdır, iradə, səbr, vaxt lazımdır.
Vilayət Quliyevin adı çəkilən kitablarının bəziləri haqqında rəylər, məqalələr yazılıb, onun yüksək elmi təfəkkürlü alim olduğunu filoloqlar arasında hər kəs bilir. Lakin mənə belə gəlir ki, bu epizodik münasibətlər onun ədəbi və ictimai fikir tariximizin öyrənilməsi sahəsindəki böyük xidmətini layiqincə dəyərləndirmək baxımından yetərli deyildir.
Dövlət qulluğunda çalışmaq, nazir, səfir, millət vəkili olmaq kimlərinsə işinə yarayır – nəşriyyatların, teatrların, elmi qurumların qapıları üzlərinə daha geniş açılır; layiq olan-olmayan əsərlərinin reklam kompaniyaları ara vermir.
Bəzən də tərsinə olur, millətinin, dövlətinin taleyi üçün gərəkli olan rəsmi, – bəzən hərbi xidmət kimi borc saydığın, işlərə başın qarışdığından – qeyri-peşəkarların, diletantların sənin haqqını necə tapdaladıqlarından, ədəbi yekunlarda, poeziyanın, nəsrin, ədəbi tənqidin ümumi mənzərəsində səni necə arxa plana keçirməyə, unutdurmağa çalışdıqlarından xəbər tutmursan; ardınca gələnlərin, səni müəllimləri sayanların birincilik yarışları başlanır.
Buna öyrəşmişik. Ciddi qələm sahibləri bu xırda oyunbazlıqlara yuxarıdan, acı təbəssümlə baxırlar.
Xoşbəxtlikdən rəsmi vəzifələr Vilayət Quliyevin filologiyaya sərf edilməli vaxtından kəssə də, ona yeni yaradıclıq, araşdırma imkanları da vermişdir. Hansı ölkədə görəv daşımışdırsa, ilk növbədə o ölkəylə ədəbi körpülər qurmağa çalışmış, mövcud olmuş ilişkiləri incələyərək, əvvəllər ortaya çıxarılması müşkül görünən bəlgələri-sənədləri oxuculara çatdırmışdır. İşlədiyi ölkələrdə həm də Azərbaycanın akademik araşdırıcılıq, ədəbi-mədəni körpülərin bərpaçısı vəzifəsini daşımışdır. Bu baxımdan onun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, milli dövlətin qurucularının Avropa ölkələrindəki fəaliyyəti, o cümlədən Məmməd Əmin Rəsulzadənin Polşadakı fəaliyyəti ilə bağlı araşdırmaları çox dəyərlidir.
İşləyi ölkələrdə Azərbaycanın izlərini öyrənib üzə çıxarmaq, eyni zamanda Azərbaycan ədəbi abidələrini o ölkələrin dillərinə çevirtdirib nəşr etdirmək, gənc dövlətimizin mədəni sərvətlərini təbliğ etmək baxımından xarici ölkələrdəki səfirlərimizdən Vilayət Quliyevlə yanaşı, tariximizlə bağlı dəyərli kitablar yazan Həsən Həsənovun, ədəbiyyatımızın Avropa dillərinə tərcümə və nəşrində xeyli əmək sərf etmiş Eldar Həsənovun da xidmətləri yüksək hörmətə layiqdir və başqa böyük elçilərimiz üçün də örnək olmalıdır.
Vilayət bəyin yaradıcılığının mühüm sahələrindən biri Azərbaycan-Rusiya ədəbi əlaqələrinin az öyrənilmiş sahələrini ardıcıl və indiyədək üzə çıxmamış sənədlər, məlumatlar əsasında tədqiq edib, oxuculara çatdırmasıdır. Bu baxımdan Azərbaycan filologiyası ilə rus ədəbi-ictimai fikri arasındakə əlaqələr haqqında fundamental monoqrafiyası və rusca “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” kitabı ayrıca qeyd olunmalıdır. “Mirzə Kazım bəy” monoqrafiyasından sonra adları çəkilən kitabları alimin bu sahəyə marağının səbəblərini və mövzunu necə peşəkarlıqla və yüksək ədəbi səriştə ilə yazıb ortaya qoyduğunu göstərir.
Vilayət Quliyevin ədəbi əlaqələr tarixinə yanaşmasını fərqləndirən cəhət – ədəbi-mədəni təsir məsələsinə qarşılıqlı bir proses kimi baxmasındadır, yəni Rusiya tərəfindən işğal edilmək Quzey Azərbaycanı Avropaya yaxınlaşdırdığı, inkişafına təsir göstərdiyi kimi, Azərbaycan və Cənubi Qafqazın türk dili və mədəniyyəti də Rusiyaya təsirsiz qalmamışdır. Öz sözüylə desək: “məsələ burasındadır ki, “mədəniləşdirici funksiya” ilə Azərbaycana nüfuz edən Rusiya işğalçı kimi gəldiyi ölkədə daha qədim və zəngin mədəniyyətlə üzləşmişdi”.
Bu fikir – Vilayət bəyin Rusiya-Azərbaycan ədəbi-mədəni ilişkilər tarixinə baxışının əsas fəlsəfi təməlini təşkil etməklə, onun alim – vətəndaş mövqeyini müəyyənləşdirir. Haqlı olaraq “…yalnız dil və mədəni mühit deyil, həm də ideya-məzmun, tədqiqat prinsipləri və metodologiyası baxımından filoloji fikrimizin inkişafında tamamilə yeni mərhələ” hesab etdiyi XIX yüzil filologiyamızın əsas özəlliklərindən bəhs edən müəllif bu kitablarında “şimaldan əsən rüzgar”la yanaşı, “cənub küləyi”nin ilıq nəfəsinin nəticələrini də ortaya çıxarır: “Beləliklə, Azərbaycan filoloji fikrinin bir sıra nümayənədləri XIX əsrin ilk onilliklərindən etibarən Rusiyanın elm, tədris və inzibati mərkəzlərində bir tərəfdən öz dillərini və ədəbiyyatlarını mövcud mədəni mühitin kontekstində öyrənir, o biri tərəfdən isə kitab və məqalələri, mühazirə və dərslikləri ilə Rusiyaya Şərq filologiyasını öyrədir, daha geniş mənada şərqşünaslıq elmini yaradırlar”.
Həmin dövrdə vətəndən kənarda yazıb yaratmış Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi – filoloji fikir nəhənglərinin yaradıcılıq və elmi-pedaqoji fəaliyyətini də müəllif məhz bu mövqedən araşdırır.
O haqlı olaraq qeyd edir ki, son illərdə arxivlərdən, tarixi filologiyadan uzaqlaşma meyli duyulur, halbuki “…faktları, mənbələri öyrənmədən, sistemləşdirmədən ədəbiyyatın nə mükəmməl tarixini, nə də nəzəriyyəsini yaratmaq mümkündür”.
Onun özəlliklə M.C.Topçubaşovu, Mirzə Kazım bəyi ilk dəfə əsaslı şəkildə tədqiq etməsi, o dövrdə rusca yazmış müəlliflərin qiymətli irsini üzə çıxarması da məhz bu işə – XIX yüzildən yeni bir mərhələyə qədəm qoymuş ədəbiyyatımızın tarixini və nəzəriyyəsini yaratmağa, zənginləşdirməyə və tamamlamağa xidmət edir.
Azərbaycan Əlyazmaları İnstitutu, Gürcüstanın, Qazaxstanın, Tatarstanın, Leninqradın, Moskvanın, digər elm mərkəzlərinin arxivləri… V.Quliyevin çalışdığı bu arxivlərin coğrafiyası alim dostumuzun ədəbi əlaqələr tarixini necə dərindən öyrəndiyini və bu kitabların hansı böyük zəhmətin nəticəsi olduğunu aydın göstərir.
Vilayət Quliyevin filologiya elmindəki yerini, mövqeyi və xidmətlərini görmək və dəyərləndirmək baxımından onun iki ayrı kitabı da qeyd olunmalıdır. Onlardan biri “Açıq sözün hikməti” adlanır. “Ədəbiyyat söhbətləri”, “Ədəbi əlaqələr”, “Mirzə Fətəli Axundov haqqında on yazı”, “Polemika”, “Publisistika”, “Rekviyem” adlı altı fəsilə bölünmüş bu kitab müəllifinin ciddi nəzəri hazırlığını, klassik və çağdaş ədəbiyyatımızın ədəbi-estetik vəhdətini duymaq və ümumiləşdirmək qabiliyyətini nümayiş etdirməkdədir. Bu kitabda XIX-XX yüzillər ədəbi irsimizlə bağlı araşdırmalar da davam etdirilir. Müəllif sanki öz – əvvəlki monaqrafiyalarındakı xırda boşluqları doldurmağa və ya qəhrəmanlarının taleyi ilə bağlı yeni tapıntılarını üzə çıxarmağa çalışır. Kitabın xüsusiyyətlərindən biri həm də çağdaş ədəbiyyatımızın bir sıra mühüm problemlərinə aydınlıq gətirməsində, qələm dostlarının yaradıcılığı barədə sanballı fikir söyləməsindədir.
Müasir ədəbi nümunələrdən danışarkən də Vilayət bəy öz prinsiplərinə sadiqdir. Yeni ədəbiyyatımızı böyük ənənələrimiz kontekstində təhlil edir.
Məncə, onun yaradıcılığının qeyd olunmalı keyfiyyətlərindən biri də aydın vətəndaşlıq mövqeyini əks etdirən və ictimai həyatımızın bir çox sahəsini əhatə edən publisistikasıdır. O, publisistikasında da dəqiq elmi mənbələrə, zəngin təcrübəyə söykəndiyinə görə etiraz doğurmayacaq bir şəkildə açıq danışır, cəsarətlidir, hadisələrin mahiyyətini görür, dünya siyasətində nələrin baş verdiyindən xəbərdardır, səmimidir və gəldiyi nəticələr oxucunu inandırır.
Vilayət Quliyev harda yaşayıb işləməsindən asılı olmayaraq müasir ədəbi prosesi daim izləyir və imkan daxilində bu barədə yazır.
“Tariximiz, taleyimiz” kitabında da müəllif tariximizin nisbətən az öyrənilmiş, diqqətdən kənarda qalmış səhifələrinə, az təhlil olunmuş məqamlara üz tutur. Bu cəhəti müəllif kitaba yazdığı öz sözdə dəqiq ifadə etmişdir: “Tarixi yalnız onun lokomativi adlandırılan böyük şəxsiyyətlər yaratmır, ədalətli və obyektiv tarixdə hər kəsin öz yeri olmalı, hər kəsin haqqı tanınmalıdır”.
Bu sözlər həm də Vilayət bəyin gözəl insani keyfiyyətlərini, həssaslığını göstərən sözlərdir.
Bütövlükdə, Vilayət Quliyevin elmi əsərləri Azərbaycanın ədəbi-ictimai fikrinin dərin qaynaqlarını və zənginliyini göstərmək, müstəqil dövlətimizin memarları olan şəxsiyyətlərin böyük fədakarlıqlarını xatırlatmaq və milli təfəkkürü formalaşdıran ədəbi ənənələrin bütün qatlarını təsəvvür etmək baxımından son dərəcə əhəmiyyətlidir. Əslində, bu kitablar Vilayət Quliyevin özünün də son iki əsrdə yetişmiş böyük maarifçi, demokrat, filosof ziyalılarımızdan biri olduğunu göstərir.
Bu yazıda Vilayət bəyin çoxcəhətli yaradcılığını bütövlüklə yox, hətta ən ümumi və yığcam şəkildə gözdən keçirmək, dəyərləndirmək cəhdim, niyyətim yoxdur və bu mümkün də deyildir.
Bir bayram təbriki də sayıla bilən bu yazımla köhnə dostuma üz tutub demək istədiyim budur ki, o öz ömrünü, istedadını tariximizin layiqli səhifələrinin, böyük şəxsiyyətlərinin və millətimiz üçün son dərəcə önəmli mərhələlərinin öyrənilməsinə sərf etdi; heç vaxt xalqın taleyindən, sevinc və kədərindən kənarda qalmadı, “iş deyiləndə işə, savaş deyiləndə savaşa” getdi, bir-birindən dəyərli kitablar yazdı və bundan sonra da yazacağına əminik. Geniş ədəbi və ictimai-siyasi fəaliyyəti ona böyük oxucu sevisi qazandırmışdır. Yeni ilə qədəm basarkən millətinin qarşısında alnıaçıq, üzüağdır. Belə bir həyat yoluyla və yorulmaz fəaliyyətlə təkcə özü yox, dostları da qürur duyur.