Prezident İlham Əliyevin bu gün Şamaxıya səfəri çərçivəsində lentə alınan görüntülərə baxarkən duyğulanmamaq mümkün deyil. İki gün öncə təbii fəlakətlə üzləşən Şamaxı əhalisinin bütün problemlərini şəxsən dinləmək üçün getmişdi dövlət başçısı.
Təbii ki, getməyə də bilərdi, nümayəndələrinin, digər məsul şəxslərin orada olduğu halda Prezidentin zəlzələ baş verən əraziyə getməməsi problem deyil. Amma ölkə başçısı cüzi də olsa təbii fəlakətdən zərər çəkən vətəndaşların yanında olmağı özünə borc bildi. Şəxsən zərər dəyən evlərə baxış keçirdi. Bu, dövlətin və dövlətin başında duran şəxsin vətəndaşa verdiyi qiymətdir. Nəzərə alsaq ki, zəlzələ elə də ciddi fəsadlarla nəticələnməmişdi.
Ölkə rəhbərinin sakinlərlə səmimi söhbəti bir daha Prezident və xalq arasında münasibətlərin xırda bir göstəricisidir. Amma bu xırda dediyim o qədər böyük bir göstəridir ki, bəzilərinin gözlərini kor etməyə belə qadirdir. Təbii ki, dövlətini, xalqını və millətini sevməyən və iyrənc mübarizə aparan bəzi şəxslər hər bir situasiyada neqativ hal axtarmağa can atırlar. Bunu da normal qarşılamaq lazımdır, çünki bu da fitridir, gendən gəlmə ehtimalı daha çoxdur. Qəlbi qara ləkələrlə korlanmış belələri hər şeyi çirkli qəlbinin gözləri ilə görürlər.
Prezidentin zəlzələnin fəsadları ilə üzləşən ailənin yanında olması isə hər şeydən əvvəl vətəndaşa qoyulan dəyər və hörmətin təzahürüdür. Yaşlı qadının əyilərək əllərini sıxmaq – bu, bir nümunədir. Bu, dövlət başçısı tərəfindən bir göstəridir ki, ölkənin yaşlı sakinləri – ağsaqqalları və ağbirçəkləri hər zaman ehtirama layiqdir. Yaşlı sakin ana olarsa, bu ehtiram birə beş artır.
Prezidentin bir neçə gün bundan öncə şəhid valideynləri ilə görüşü zamanı da eyni situasiya yaranmışdı. Şəhid anasının ayağa qalxmasına razı olmayan dövlət başçısı dərhal özü əyilərək onun boynunu qucaqlamışdı. Bunu bizim Prezidentimiz etdi. Təbii ki, şəhid anasının qarşısında əyilmək əslində göylər aləminə ucalmaq kimidir. Bu böyüklükdə bir Vətənin qorunması uğrunda gedən döyüşlərdə canından keçən bir oğul böyütmüşdü o ana. Vətən üçün böyütmüşdü, dövlət üçün, xalq üçün, millət üçün böyütmüşdü.
Toğrul Allahverdili
İnterpress.az