Görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununda Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunub.
Görüşdə vergilər nazirinin Audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov çıxış edərək, spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarına yol verilməməsi, bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrdə kvota üzrə müəyyən edilmiş istehsal həcminin ciddi nəzarətdə saxlanılması və təqdim edilmiş hesabatlarda istehsal həcminin real əks etdirilməsinin zəruriliyi qeyd edilib.
Bildirilib ki, aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyiclərinin fəaliyyəti müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisə edilir.
2014-cü il ərzində aksiz markalarının tətbiqinə dair keçilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov bildirıb ki, 1754 nəzarət aparılmış obyektdən 897-da 10821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədi ilə saxlanması faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə qanunamüvafiq tədbirlər görülüb.
Gələcəkdə qanun pozuntularına yol verilməməsi məqsədi ilə vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluq və qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlərin qurulmasının vacibliyi bir daha vergi ödəyicilərinin diqqətinə çatdırılıb, qanunvericiliyin tələblərinə riayət edilməsi vergi ödəyicilərinə tövsiyə edilib.
İnterpress.az