Uralda 12 hərbçini qaçırıb vəsaitlərini mənimsəyən 7 nəfər həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Sverdlovsk vilayətində xüsusi hərbi əməliyyatın 12 iştirakçısını qaçırmaqda və onlardan dövlət tərəfindən verilən sosial ödənişləri hədə-qorxu yolu ilə tələb etməkdə təqsirləndirilən yeddi nəfərdən ibarət mütəşəkkil cinayətkar qrup həbs edilib.
Saxlanılan şəxslərə qarşı mütəşəkkil dəstə tərəfindən adam oğurluğu, zorakılıq tətbiq etməklə quldurluq və soyğunçuluq maddələri üzrə rəsmi ittiham irəli sürülüb.
İstintaq materiallarına əsasən, dəstə üzvləri 2025-ci ilin iyul-oktyabr ayları ərzində hərbçiləri qaçıraraq onlara fiziki və psixoloji işgəncələr verib, ordu ilə müqavilə bağladıqları üçün verilən vəsaitləri tələb ediblər.
Cinayətkarlar zərərçəkənlərin bank kartlarından təxminən 5 milyon rubl (təxminən 103 min manat) vəsaiti çıxararaq mənimsəyiblər.
Qruplaşma rəhbərinin hərbçilərin mobil telefonlarını da ələ keçirdiyi qeyd olunur.
Məhkəmə qərarı ilə təqsirləndirilənlər həbs edilib və onların yaşayış sahələri ilə torpaq mülklərinin üzərinə həbs qoyulub.
Xuraman Etibarlı
İnterpress.az






