Xırdalanın yol infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzindədirbackend

Xırdalanın yol infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev İnterpress.az-a bildirib ki, Xırdalan şəhərində nəqliyyatın rahat və maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün əvvəllər mövcud olmayan küçə və prospektlərə, eləcə də məhəllədaxili yollara asfalt vurulur.

Görülən işlər 220 mindən çox Xırdalan sakininin yollarda hərəkətini asanlaşdıracaq. Qurumun rəsmisi Xırdalan şəhərində yol infrastrukturunun yeniləndiyini, asfalt örtüyü sıradan çıxmış küçələrə, eləcə də əvvəllər asfalt örtüyü mövcud olmayan yollara asfalt vurulduğunu qeyd edib. Belə ki, uzunluğu 1,5 kilometr olan Nəsimi küçəsinə, həmçinin Nizami, Səməd Vurğun, Əlişir Nəvai, Həsən Əliyev, Mehdi Hüseynzadə küçələrinə artıq yeni asfalt örtüyü vurulub. Hazırda bu istiqamətdə işlər davam edir.

Onun sözlərinə gərə, rayon icra hakimiyyəti tərəfindən şəhərdaxili küçələrə 36 min 493 kvadratmetr, məhəllədaxili küçələrə 9880 kvadratmetr asfalt vurulub, 5536 poqonmetr bordür qoyulub. Görülən işlər nəticəsində əvvəllər mövcud olmayan piyada səkiləri salınıb, yol kənarlarına qranit bordürlər düzülüb, ətraf ərazilər abadlaşdırılıb, yaşıllıq salınıb, gül kolları əkilib, müasir işıq dirəkləri quraşdırılıb.

Bununla yanaşı, hərəkətin intensivliyinin təmin olunmasında problemlər yarandan, tıxaclara səbəb olan dar yollar yenidən qurulub. Bu işlərin nəticəsində mərkəzi küçələrin hərəkət hissəsi xeyli genişlənib və avtomobillərin hərəkətinə rahat və maneəsiz şərait yaradılıb. Yolların təmiri ilə yanaşı, əhalinin istirahətinin səmərəli təşkili üçün yeni parklar salınıb, nümunəvi həyətlər də yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasının da davam etdiyini deyən İ.Quluyev Xırdalan şəhərində su kanalizasiya sisteminin yenidən qurulması nəticəsində iş görülmüş küçələrə artıq 230 min kvadratmetr asfalt vurulduğunu, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşanda isə şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyünün yenilənəcəyini bildirib.

İnterpress.az