Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinə bununla bağlı yeni bəndin əlavə olunması müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, yeni bəndə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibbi fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibbi fəaliyyətin həyata keçirilməsinə yol verilmir.
Dəyişikliyi şərh edən H. Rəcəbli bildirib ki, son vaxtlar bir sıra həkimlərin lisenziyadan kənar, hətta ixtisasına aid olmayan tibbi fəaliyyət növü ilə məşğul olur: “Biz bu dəyişikliklər ilə ilkin tibbi müayinə istisna olmaqla, yalnız lisenziya verilmiş fəaliyyətlə məşğul olmağı rəsmiləşdiririk”.
Layihə MM-in plenar iclasına tövsiyə olunub.
İnterpress.az