Ombudsmanın Cəlilabad Regional Mərkəzi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və DQİDK-nin Lənkəran ərazi şöbəsi ilə birgə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə həftəsi çərçivəsində ADPU-nun Cəlilabad Filialında, Cəlilabad Tibb Kollecində və Lənkəran Peşə Liseyində maarifləndirmə tədbiri keçirib.
İnterpress.az xəbər verir ki, keçirilən tədbirlərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov 1 dekabr-Ümumdünya QiÇS-lə Mübarizə Günü, bu günün qeyd olunmasının əsas məqsədi, 1988-ci ildə təsis edilmiş Ümumdünya QİÇS-lə Mübarizə Gününün dünya ölkələrinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini,
insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, görülən tədbirlər və digər mühüm məqamlar barədə məlumat verib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək QİÇS və İnsan hüquqları, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını diqqətə çatdırmış, müvafiq Qanunun qəbul edilməsinin bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın mahiyyət və əhəmiyyəti barədə geniş bilgi verib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək dövlət tərəfindən gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib.
E.Həmidli gənclərimizin həm fiziki, həm də mənəvi baxımdan sağlam ruhlu olmasının vacibliyini vurğulayıb.