MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçirilib – YENİLƏNİBbackend

MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçirilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İnterpress.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” ilə əlaqədar müzakirələr aparılıb.

MSK-nın katibi Arifə Muxtarova gündəlikdəki məsələ ilə bağlı çıxışında növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməli olduğunu bildirib. Bu barədə məsələ “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq. Azərbaycanda parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.

İclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə olunduqdan sonra səsə qoyularaq təsdiq edilib.

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.

11:05

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.

İnterpress.az xəbər verir ki, iclasda növbədənkənar seçkilərə hazırlıq məsələsi müzakirə olunacaq, qərar veriləcək.

Toplantı saat 14:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər.

Həmin gün Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

Prezident İlham Əliyevin dekabrın 5-də “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

İnterpress.az