Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsi və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub.
İnterpress.az