İnterpress.az xəbər verir ki, İngiltərənin məşhur “Financial Times” qəzeti bu barədə yazı çap edib. Qəzetin bu iddiası 10 ölkənin nazirləri, diplomatları, rəsmi şəxsləri və xüsusi xidmət orqanlarının əməkdaşlarıyla söhbətlər əsasında ortaya atılıb.
İddialara görə, 2014-cü il avqust ayının sonunda, Minskdəki toplantı zamanı mətbuata qapalı görüşlərin birində Putin Rusiya qoşunlarının Ukraynadakı döyüşlərdə iştirakını inkar edib. Həmin görüşdə Poroşenko Putinə sülh təklif edib. Rusiya prezidenti Poroşenkoya əmrində 1,2 milyon əsgərin olduğunu, istəsə 2 gün ərzində Kiyevi və istənilən Avropa Birliyi, eyni zamanda NATO ölkələrinin paytaxtını tuta biləcəklərini deyib.
Məlumata görə, həmin görüş zamanı razılaşma əldə edilib. Sülh üçün Poroşenko Rusiyanın istədiyi kimi Avropa Birliyi ilə razılaşdırılmış mal tariflərinə yenidən baxılacağına söz verib. Lakin Avropa Birliyinin sədri Joze Manuel Barroza buna qarşı çıxıb.
Qəzetə məlumat verən mənbənin bildirdiyinə görə, 26 avqustda baş tutan görüş Poroşenkonun tələbiylə keçirilib. Ukrayna prezidenti sülh və ya qələbə olmayacağı təqdirdə iki gün ərzində postunu itirəcəyindən ehtiyatlanıb.
Buna görə də Poroşenko Putinə zəng edərək hərbi əməliyyatlar dayandırılmayacağı halda Kiyevin rus əsgərlərinin jetonlarını internetdə yayacağı və onların valideynləri ilə əlaqə yaradaraq övladlarının əsir düşdüklərini açıqlayacağını bildirib.
Bu hadisəni Poroşenko bir neçə Qərb diplomatına danışsa da, Rusiya tərəfi belə bir olayın baş verdiyini təsdiqləməyib.
İnterpress.az