Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Maral Tahirqızı evində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunaraq polis tərəfindən dindirilib.
M. Tahirqızı APA-ya açıqlamasında ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü və özünü müqəssir bilmədiyini qeyd edib: “Hələ ötən ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi. Polis əməkdaşları evimdə axtarış apardı, lakin mənzilimdə heç kimi tapmadılar. Axtarışlardan sonra isə məni polisə aparıb gecə saat 1-dək orada saxladılar. Həmin hadisədən sonra məni tez-tez Xətai polisinə çağıraraq ifadəmi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi ki, barəmdə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim, indi də etmirəm”.
Xatırladaq ki, M. Tahirqızının Cinayət Məcəlləsinin 244-cü maddəsi üzrə təqsiri sübuta yetirilsə, ona iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər. ( apa )
İnterpress.az