İnterpress.az xəbər verir ki, BMT-nin Uşaq Haqları Komitəsi İŞİD-in qaçırdığı uşaqları seks köləsi olaraq satıldığı, işgəncə verdiyi, bir qisminin çarmıxa çəkildiyi, diri-diri basdırıldığı, ya da başları kəsilərək öldürüldüyünü açıqlayıb.
1998-ci ildən bu yana ilk dəfə İraqda uşaq haqlarının vəziyyətini araşdıran komitənin hazırladığı hesabata görə, dini və etnik azlıqların uşaqları daha da pis vəziyyədədir.
18 müstəqil ekspertdən ibarət komitənin sözcüsü Renate Vinter bildirib ki, xüsusən əqli çatışmazlığı olan uşaqlardan kamikadze kimi istifadə olunur: “Bu uşaqlar böyük ehtimalla nə etdiklərinin fərqində deyillər”.
Vinterin sözlərinə görə, uşaqlar kiçik yaşlarından, təqribən 8 və daha aşağı yaşlarda hərbi təlim keçirlər: “Buna aid əlimizdə video var. Bundan əlavə İŞİD azlıqların uşaqlarını qaçırıb, kölə kimi bazarlarda satır. Daha çox xristianların və yezidilərin uşaqları belə münasibətə məruz qalırlar”.
Vinter deyib ki, qurbanlar arasında şiə və sünnilərin uşaqları var.
İnterpress.az