İnterpress.az xəbər verir ki, cənab Rezayi Bəndər Abbasdakı iş yerinə yollanırmış.
Əslən azərbaycanlı olan fəal İrandakı etnik azərbaycanlıların hüquqları üçün mübarizə aparıb.
Fəallar ehtimal edir ki, Əli Rezayinin həbsi onun İranda Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir görmək planları ilə bağlıdır.
Bəzi məlumatlara görə, Qoşaçay (Miyandab) şəhərindən olan cənab Rezayi bir çox dərgi və kitabların nəşr edilməsində iştirak edib.
Fevralın 4-də səhər saatlarında hava limanında saxlanılandan sonra fəalın durumu və hara aparılması barədə məlumatlar açıqlanmayıb.
Məlumata görə, Əli Rezayi həbs edildikdən sonra Eteelaat məxfi xidmət orqanları onun evindən kompüter, kitablar və digər şəxsi əşyalarını aparıblar.
Fəallar deyirlər ki, hər il Beynəlxalq Ana Dili Günü ərəfəsində Güney Azərbaycanda həbslərin sayı artır.
\”Bu il, Milli fəallar tərəfindən bu günü rəsmi şəkildə İran içində keçirmək üçün kampaniyalar başladılmış, dövlət qurumlarına müraciət də edilmişdi\”, Amerikada yaşayan iranlı fəal Ramin Cabbarlı BBC Azərbaycancaya deyib. \”Hökümət dəyişsə də, davranışında hər hansı bir dəyişikliyə şahid olmuruq\”.
Bundan başqa, həbsdə olan tanınmış fəal Səid Mətinpurun səhhətinin pislənməsi barədə məlumatlar yayılıb.
Mətinpur 2009-cu ildən Tehranın Evin həbsxanasında saxlanılıb, beş ay öncə isə Zəngan şəhərinin həbsxanasına köçürülüb. Bundan sonra Səid Mətinpur bu günə qədər həbsxananın qərəntinə bölməsində saxlanıldığı deyilir.
Anasının Səid Mətinpur saytına verdiyi müsahibəyə görə, artıq iki aydır ki, fəalın diş ətlərində iltihab yaranıb.
İnterperss.az